logo

Helsinkidə Azərbaycanın Zəfər Günü qeyd olunub

16:16 06-11-2022 | icon 1526
Helsinkidə Azərbaycanın Zəfər Günü qeyd olunub

Finlandiyanın paytaxtı Helsinkidə 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

YeniAvropa xəbər verir ki, Helsinkidə fəaliyyət göstərən Azərbaycan evində keçirilən mərasim Azərbaycanın Finlandiyadakı səfirliyinin dəstəyi ilə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova tərəfindən təşkil edilib.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Ülviyyə Cabbarova Azərbaycan torpaqlarının işğalına son qoyan milli mübarizəmiz haqqında məlumat verib.

Azərbaycanın Finlandiyadakı səfirliyinin əməkdaşı Nail Qocayev Vətən müharibəsi haqqında danışaraq deyib ki, münaqişənin bitməsi və torpaqlarımızın azad edilməsi ilə yüz minlərlə həmvətənimizin bir vaxtlar qovulduğu doğma yurd-yuvalarına və evlərinə dönməsinə imkan verib. Bildirilib ki, 8 noyabr tarixi ölkəmizdə Zəfər Günü kimi qeyd edilir. İsveçli rejissor və fotoqraf Mikael Silkeberg tərəfindən lentə alınan “Xarıbülbül əfsanəsi” sənədli filmi barədə də danışan diplomat bu ekran əsərinin “Şuşa İli” çərçivəsində lentə alınan bu qəbildən ilk beynəlxalq film olduğunu vurğulayıb.

Tədbirin bədii hissəsində Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə ərsəyə gətirilmiş “Xarıbülbül əfsanəsi” sənədli filmi nümayiş olunub. Filmdə Azərbaycan və dünya mədəniyyətində Şuşanın yeri, habelə bu şəhərdə anadan olmuş, dünya mədəniyyətinə, musiqisinə və incəsənətinə böyük töhfələr vermiş insanlar haqqında məlumat verilib.

Sonra Finlandiyada yaşayan Azərbaycan rəssamı Çingiz Abasovun "Qarabağ 30 il və 44 gün" əsərinin təqdimatı və nümayişi baş tutub.