logo

AQTA Xırdalanda  Daskəsən balı "istehsal" edən sexi bağladı 

15:55 02-11-2022 | icon 1834
AQTA Xırdalanda  Daskəsən balı "istehsal" edən sexi bağladı 

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görülən tədbirlər çərçivəsində Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Sabir küçəsi, döngə 1, ev 9 ünvanında fiziki şəxs Arif Oruc oğlu İsmayılova məxsus balın qablaşdırılması müəssisəsində yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə istehlak müddəti bitmiş, üzərində qablaşdırma barədə məlumatlar olmayan, eləcə də qablaşdırılması Abşerondakı həmin ünvanda həyata keçirildiyi halda, markalanmasında qablaşdırılma yeri kimi Daşkəsən rayonunun Bayan kəndi qeyd edilən 1118,7 kiloqram bal məhsulu aşkarlanıb. Müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı müəyyən edilib.

Yoxlama zamanı müəssisədəki baldan nümunə götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticələrinə əsasən məhsulun normativ texniki sənədlərin tələblərinə uyğun olmadığı aşkarlanıb.

Müəssisədə qeydə alınan nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq, inzibati xəta haqqında protokol tərtib edilib. İstehlak müddəti bitmiş, markalanması və sınaq nəticələri normativ texniki sənədlərin tələblərinə uyğun olmayan müxtəlif partiya bal məhsullarının satışının qadağan edilməsi, eləcə də bal məhsulunun istehsalının (emalı və qablaşdırılması) dayandırılması və ticarət şəbəkələrindən geri çağırılması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.