logo

Builki yarmarkada 90 tona yaxın bal satılıb

15:35 31-10-2022 | icon 1827
Builki yarmarkada 90 tona yaxın bal satılıb

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 1-20-də keçirilən arıçılıq məhsullarının yarmarkasında 90 tona yaxın arıçılıq məhsulu satılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Qeyd edilib ki, bu, ötənilki bal yarmarkasına nisbətən 10 % azdır.

Yarmarkada iştirak edən hər bir arıçıya satışa maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq hüququ verilib.

Yarmarkada iştirak edən arıçılar növbəlilik prinsipi ilə müəyyənləşib, arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb. Builki bal yarmarkasında ümumilikdə 250 arıçı iştirak edib. İştirak edən arıçılara Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub.

Bu il yarmarkada ilk dəfə olaraq Şərqi Zəngəzur iqtisadi rayonunu təmsil edən arıçılar iştirak ediblər. Ümumilikdə yarmarkaya 120 tona yaxın arıçılıq məhsulu çıxarılıb. Bunun da 5 tonu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Yarmarkaya təqdim edilən bütün arıçılıq məhsulları Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laboratoriya şəraitində yoxlamadan keçirilib. Yarmarkaya yalnız keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri uyğun olan arıçılıq məhsulları buraxılıb.

Qeyd edək ki, yarmarkanın son günündə təşkilatçı qurum tərəfindən 45 arıçı keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri üzrə ən yüksək bal və arıçılıq məhsulları təqdim etdiyinə görə “Keyfiyyətli arıçı” və “Fərqlənmə” sertifikatları ilə təltif olunublar.