logo

AQTA nöqsanlara görə Siyəzəndə çörək sexini bağlatdırdı

13:13 19-10-2022 | icon 1834
AQTA nöqsanlara görə Siyəzəndə çörək sexini bağlatdırdı

Siyəzəndə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Agentlik əməkdaşları tərəfindən Siyəzən şəhəri, M.Zəkiyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Babayev İlkin Valeh oğluna məxsus çörək istehsalı müəssisəsində aparılan planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisənin sanitar texniki və sanitar gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, temperatur rejiminin gözlənilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, həmçinin istehsal olunan çörəklərin üzərində məhsula dair markalanmanın mövcud olmadığı aşkar olunub.

Aşkar edilən nöqsanlarla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, müəssisədə istehsalın dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

"AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır", - məlumatda qeyd edilib.