logo

Aviasiya sahəsində Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə müzakirə edilib

19:19 18-10-2022 | icon 1722
Aviasiya sahəsində Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə müzakirə edilib

Oktyabrın 18-də “Azərbaycan Hava Yolları” QSC-nin(AZAL) prezidenti Cahangir Əsgərovla İtaliyanın “Leonardo” şirkətinin baş vitse-prezidenti Marko Buratti arasında keçirilən görüşdə mülki aviasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

AZAL-dan YeniAvropa-ya bildirilib ki,görüşdə tərəflər hava gəmilərinə texniki xidmət və təmir sahəsində əməkdaşlıq, eləcə də aeronaviqasiya sahəsində perspektivli və müasir innovativ texnologiyaların tətbiqi məsələlərinə toxunublar.

Danışıqlar nəticəsində Azərbaycanın aeronaviqasiya sisteminin infrastrukturunun inkişafı ilə bağlı layihələr razılaşdırılıb.

Həmçinin tədbir zamanı Azərbaycanın mülki aviasiya sahəsində müxtəlif istiqamətlər üzrə şirkətlər arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, İtaliyanın aviasiya sənayesi ilə səmərəli əməkdaşlıq üçün geniş potensialın olduğu bildirilib.

İtaliyanın “Leonardo” korporasiyası aviasiya və aerokosmik sənayesi üçün innovativ məhsulların geniş çeşidini təklif edir, müdafiə, təhlükəsizlik və sair sahələrdə çoxsaylı imkanları təkmilləşdirir. Mütəmadi tədqiqatlar, rəqəmsal istehsal və davamlı inkişaf şirkətin fəaliyyətinin təməl daşlarıdır.

Qeyd edək ki, “Leonardo” şirkətinin baş vitse-prezidenti Marko Buratti bir sıra yüksək texnologiya sektorlarında geniş və uzunmüddətli təcrübəyə malikdir: hərbi texnologiyalar, hərbi təyinatlı hesablama sistemləri, hərəkətsiz və fırlanan qanadlı hava gəmilərinin avionikası sistemi, beynəlxalq proqramların idarə edilməsi və bir çox digər sahələr.