logo

 Abşeronda fəhlənin yanaraq ölməsi ilə bağlı cinayət işi başlanılıb

19:38 27-07-2018 | icon 3675
 Abşeronda fəhlənin yanaraq ölməsi ilə bağlı cinayət işi başlanılıb

Baş prokurorluq Abşeron rayonunda  polad istehsalı üzrə sexdə fəhlənin yanıq xəsarətləri alaraq ölməsi hadisəsi barədə məlumat yayıb.

YeniAvropa xəbər verir  ki, hadisə sexdə kəsim prosesi zamanı içərisində yanacaq olan dəmir çənin partlaması nəticəsində baş verib və sexdə çalışan fəhlə  Masallı rayon sakini Ağaməlı Qurbanov həlak olub.

Baş prokurorluğun məlumatında bildirilir: "İyulun 25-də, saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sen İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə işləyən, 1964-cü il təvəllüdlü Qurbanov Ağaməli Mirzəbala oğlu həmin müəssisənin həyətyanı sahəsində istismar müddəti bitmiş yük avtomobilinin yanacaq çənini qaz kəsici alətlə kəsərkən yanacaq məhlulunun üzərinə tökülməsi nəticəsində yanıq xəsarətləri alaraq Bakı şəhəri 5 nömrəli xəstəxanaya yerləşdirilib və iyulun 26-da orada vəfat edib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir".