logo

Azərbaycan Milli Şəhərsalma Forumu öz işini sessiyalarla davam etdirir

13:13 05-10-2022 | icon 1120
Azərbaycan Milli Şəhərsalma Forumu öz işini sessiyalarla davam etdirir

Oktyabrın 5-də Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu öz işini sessiyalarla davam etdirir.

YeniAvropa xəbər verir ki, "Şəhər böhranına cavab və bərpa" adlı xüsusi sessiyada Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğaldan azad olunmuş ərazilərin münaqişədən sonra bərpası istiqamətində görülən işlərə toxunub.

BMT-nin Yaşayış Məskənləri Proqramı üzrə məsul şəxs Anna Soave münaqişədən sonra bərpa məsələləri ilə bağlı problemlərdən danışıb.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamın Baş planı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov isə işğaldan azad olunmuş torpaqların ərazi planlaşlaşdırılması ilə bağlı məlumat verib.

İlk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirilir.

Qeyd edək ki, oktyabrın 5-6-da Ağdam və Bakı şəhərlərində təşkil olunan forum BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı və Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) təşkilati dəstəyi ilə keçirilir.

Qırx dörd ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq.

Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.

Ümumdünya Şəhər Forumu BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir keçirilir.

Azərbaycan Milli Şəhərsalma Forumu 2022-ci ilin oktyabr ayı üzrə şəhərsalma məsələlərinə həsr olunmuş aylıq silsilə tədbirlər çərçivəsində təşkil edilir. Belə ki, şəhərsalma məsələlərinə həsr olunmuş aylıq silsilə tədbirlərə oktyabrın 3-də “Karbonsuz dünya üçün şəhərlərdə fəaliyyətin sürətləndirilməsi” mövzusuna həsr edilən Ümumdünya Yaşayış Məskənləri Günü ilə start verilib.