logo

FHN-in sabiq əməkdaşına dələduzluğa görə cinayət işi açılıb

15:15 03-10-2022 | icon 1295
FHN-in sabiq əməkdaşına dələduzluğa görə cinayət işi açılıb

Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə növbəsinin sabiq rəisi İnşallah Nəbiyevin həmin vəzifədə işlədiyi dövrdə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi barədə daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Şirvan şəhər Prokurorluğundan  YeniAvropa-ya bildirilib ki,araşdırmalarla İnşallah Nəbiyevin Salyan rayonunun Xalac kənd sakinindən sonuncunun oğlunu Fövqəladə Hallar Nazirliyində işə düzələdəcəyini yalandan vəd verərək 3 min 500 manat məbləğində pul vəsaitini alaraq ələ keçirməsinə, bundan sonra cinayət əməlini davam etdirərək oğlunun xidmət yerinin dəyişdirilməsinə kömək edəcəyini yalandan vəd edərək həmin şəxsdən 2 min manat məbləğində pul vəsaitini almaqla ümumilikdə onun 5 min 500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) və 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törədilməsi) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.