logo

Azərbaycan prokurorluğunun yaranmasından 104 il ötür

09:49 01-10-2022 | icon 4207
Azərbaycan prokurorluğunun yaranmasından 104 il ötür

Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 104 illiyi və 1 Oktyabr - prokurorluq işçilərinin peşə bayramı günüdür.

 YeniAvropa xəbər verir ki, ölkəmizdə prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır.

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlayıb.

1918-ci il noyabrın 18-də Nazirlər Şurası tərəfindən “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə” təsdiqlənib. F.Xoyski, X.Xasməmmədov, A.Safikürdski, T.Makinski Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə nazirləri, eyni zamanda, baş prokurorları olublar.

Cümhuriyyətin süqutundan sonra müstəqil dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv edilib. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1922-ci il 11 iyul tarixli “Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyulub. 1936-cı ilin iyulunda Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq, birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlayıb.

Azərbaycanın müstəqilliyinin bərpasından sonra 1995-ci ildə qəbul edilən Konstitusiya prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi tanıyıb, onun statusunu müəyyənləşdirib. Bu statusa uyğun olaraq, “Prokurorluq haqqında” 1999-cu il 7 dekabr tarixli Qanunla prokurorluğun fəaliyyətinin istiqamətləri tam müəyyənləşdirilib. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilib.