logo

Qazaxıstan Rusiyaya yalnız beynəlxalq axtarışda olan cinayətkarları təhvil verəcək

12:12 27-09-2022 | icon 1694
Qazaxıstan Rusiyaya yalnız beynəlxalq axtarışda olan cinayətkarları təhvil verəcək

Qazaxıstanın hakimiyyət orqanları Rusiyaya yalnız beynəlxalq axtarışda olan cinayətkarları təhvil verə bilər. Burada səfərbərlik çərçivəsində Rusiyanın hərbi komissarlıqları tərəfindən axtarışda olan vətəndaşlardan söhbət getmir.

YeniAvropa Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Marat Əhmədcanov jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

"Biz Qazaxıstanla Rusiya arasında hüquqi yardım haqqında ratifikasiya olunan sazişə əsaslanmalıyıq. Lakin bir istisna var – həmin əməllər hər iki ölkədə cinayət məsuliyyəti yaratmalıdır. Belə hallarda beynəlxalq hüquqa görə cinayətkarı qarşı tərəfə təhvil verməliyik”, - deyə nazir Rusiyada səfərbərlikdən yayınan şəxslərlə bağı suala cavab verərkən bildirib.

Onun sözlərinə görə, ekstradisiyaya əsas üçün cinayət işi başlanmalıdır və Rusiya vətəndaşlarının hərbi komissarlıqlar tərəfindən axtarılması bunun üçün hüquqi əsas deyil.

Qeyd edək ki, Qazaxıstan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin məlumatına görə, sentyabrın 21-dən bu yana ölkə ərazisinə 98 minə yaxın Rusiya vətəndaşı daxil olub, 64 mindən çoxu isə respublikanı tərk edib.