logo

İcbari Sığorta Bürosu media nümayəndələri üçün təlim keçirib

15:35 23-09-2022 | icon 2037
İcbari Sığorta Bürosu media nümayəndələri üçün təlim keçirib

İcbari Sığorta Bürosu media nümayəndələri üçün təlim keçirib.

YeniAvropa xəbər verir ki,“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə tətbiq olunacaq yeniliklər” mövzusunda keçirilən təlimin əsas məqsədi icbari sığorta növləri üzrə aparılan islahatlar barədə media nümayəndələrinə düzgün istiqamət verilməsi, həmçinin onların mövzu ilə bağlı biliklərinin artırılması olub.

Təlimdə “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası” barədə media nümayəndələrinə ətraflı məlumat verilib, iştirakçıların mövzu ilə bağlı biliklərinin artırılması üçün təlimçilərin çıxışları, təqdimatlar və sual–cavab sessiyası həyata keçirilib.

Təlimdə vurğulanıb ki, yeni qaydalarla avtonəqliyyat vasitəsinin istismarı zamanı üçüncü şəxslərin əmlakına və səhhətinə zərərvurma ehtimalları nəzərə alınaraq risk amilləri üzrə əmsallar (sürücünün yaşı, təcrübəsi, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayı, bölgə, istismar müddəti) müəyyənləşib.

Təlim jurnalistlərin yeni qaydalarla yaxından tanış olmasını təmin etməklə yanaşı, onlar tərəfindən hazırlanacaq məqalə, veriliş və süjetlərin effektivliyini artıracaq, beləliklə geniş ictimaiyyətin yeniliklərlə bağlı düzgün məlumatlandırılmasına xidmət edəcək.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.