logo

Baş Prokurorluq şəhiddən 6000 manat rüşvət alınması iddiasını araşdırır

16:36 16-09-2022 | icon 4410
Baş Prokurorluq şəhiddən 6000 manat rüşvət alınması iddiasını araşdırır

Azərbaycan Respublikasının Baş Prokurorluğu şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun sosial mediada yayılmış birinci videoda səsləndirdiyi fikirlərlə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, sentyabrın 15-də qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun birinci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır: "Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış ikinci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin".

Xatırladaq ki, 2 yaşında valideyn hüququndan məhrum olan və SOS uşaq evində böyüyən şəhid Səbuhi Əhmədov dünən II Fəxri Xiyabanda dəfn edilib. Dəfndən sonra açıqlama verən şəhidin qardaşı Sənan Əhmədov bildirib ki, qardaşı Səbuhi Əhmədovdan “Komando” xüsusi briqadasına qəbul olmaq üçün 6 min manat rüşvət alınıb. O, qardaşının həmin pulu bankdan kreditə götürdüyünü bildirib.