logo

MİDA-nın mənzil satış sisteminə kiber müdaxilələr olub

17:47 15-09-2022 | icon 1575
MİDA-nın mənzil satış sisteminə kiber müdaxilələr olub

Elektron Hökumətin İnkişafı Mərkəzinin "ASAN Login" sisteminə kiber müdaxilələr olub.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.

MİDA-nın növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin 15.09.2022-ci il tarixində güzəştlə satışı prosesi başlamamışdan öncə ictimai əhəmiyyətli infrastruktur obyektləri olan dövlət orqanlarının informasiya sistemlərində əlavə yüklülük doğuran texniki nasazlıqlar aşkar edilib.

Qeyd olunan halların hazırkı mərhələ üzrə güzəştli şərtlərlə mənzil seçimi prosesinin obyektiv nəticələrinə mümkün təsirləri nəzərə alınaraq mənzil satışının vaxtı təxirə salınıb.

DTX tərəfindən başlanılan ilkin araşdırmalar zamanı Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə ölkə hüdudlarından xaricdə yerləşən qlobal hostinqlərə məxsus İP aralıqlardan istifadə edilməklə iri həcmli kiberhücumun olduğu aşkarlanıb.

Faktla bağlı DTX-nin İstintaq baş idarəsində Azərbaycan Cinayət Məcəlləsinin 273.4-cü (İctimai əhəmiyyətli infrastruktur obyektlərinin kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə) maddəsi ilə cinayət işi başlanılmaqla istintaq və əməliyyat-texniki tədbirlər həyata keçirilir.

Hazırda aidiyyəti dövlət orqanları ilə birgə qeyd olunan kiberhücum kanalları tam təsbit edilərək bloklanıb.

"Güzəştli şərtlərlə mənzil seçiminin tarixi ilə bağlı ictimaiyyətə ən qısa zamanda məlumat veriləcək", - birgə məlumatda qeyd edilib.