logo

Allahşükür Paşazadə dünya din liderlərinin qurultayında iştirak edir

10:50 14-09-2022 | icon 1057
Allahşükür Paşazadə dünya din liderlərinin qurultayında iştirak edir

Sentyabrın 14-də Qazaxıstanın paytaxtı Nursultan şəhərinin Müstəqillik sarayında Dünya və ənənəvi din liderlərinin VII Qurultayı işinə başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə tədbirdə iştirak edir.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, sentyabrın 14-15-də keçiriləcək iki onillik tarixə malik, dinlərarası dialoqa dair nüfuzlu beynəlxalq platforma olan Qurultayın budəfəki mövzusu “Dünya və ənənəvi dini liderlərinin postpandemiya dövründə bəşəriyyətin mənəvi və sosial inkişafında rolu”dur. Qurultayda bir sıra ölkələrin dövlət başçıları, dünya və ənənəvi dinlərin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli siyasət, elm və ictimaiyyət xadimləri iştirak edirlər.

Qurultayın açılış mərasimində salamlama nitqi ilə Qazaxıstan prezidenti Kasım Jomart Tokayev çıxış edib. Qazaxıstan parlamenti Senatının sədri, Qurultay Katibliyinin rəhbəri Maulen Aşimbayevin moderatorluq etdiyi Qurultayda Vatikanın başçısı, Roma Papası Fransisk salamlama çıxışı edib. Daha sonra Əl-Əzharın baş imamı şeyx Əhməd Ət-Tayyib, Moskva Patriarxiyasının Xarici Kilsə əlaqələri şöbəsinin rəhbəri Volokolamsk Mitropoliti Antoniy, İsrailin Baş Sefard ravvini İtsxak İosif salamlama çıxışları ediblər. Habelə, BMT-nin baş katibi Antonio Quterreş Qurultay iştirakçılarına videomüraciət edib.

Qurultayın açılışının sonunda xatirə fotosu çəkilib və mükafatlandırma mərasimi olub. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə dinlərarası dialoqa töhfələrinə görə Astana Beynəlxalq Mükafatına layiq görülüb və Qurultayın Fəxri medalı ilə təltif olunub.

Qazaxıstan qurultaylarının daimi iştirakçısı olan şeyxülislam Allahşükür Paşazadə plenar iclasda çıxış edib. Şeyxülislam öz çıxışını Bir Olan Uca Yaradanımızın Adı ilə başlayıb: “Möhtərəm Qurultay iştirakçıları, din, dövlət və ictimai xadimlər, əziz qardaşlar və bacılar. Mötəbər toplantımızın iştirakçılarını səmimi salamlayır, Azərbaycan Prezidenti İlham Əliyevin salam və xeyir-dualarını qardaş qazax xalqına və Qurultay nümayəndələrinə yetirməkdən şərəf duyur, Ulu Rəbbimizdən bəşər ailəsi naminə bütün səy və fəaliyyətlərimizə rəvac verməsini diləyirəm. Dünyanın nüfuzlu dini liderlərinin ənənəvi zirvə görüşü olan Qazaxıstan Qurultayları beynəlxalq aləmdə öz önəmini iki onillik ərzində təsdiq etmiş qlobal dinlərarası dialoq müstəvisidir. Bu qurultayın müstəsna əhəmiyyəti dini liderlərlə siyasi, ictimai xadimlərin daimi fəaliyyətdə olan platforması olmasındadır. Belə bir bəşəri əhəmiyyətli ideyanın ərsəyə gəlməsi və davamlı mövcudluğunu təmin edən Qazaxıstan dövlətinə, onun müdrik siyasi rəhbərliyinə dərin minnətdarlığımı bildirmək istərdim. Prezident Kasım Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstan demokratik tərəqqi və mənəvi inkişaf yollarında inamla irəliləməkdədir. Ölkənin siyasi, iqtisadi sahədə olduğu kimi, mədəni-mənəvi irsinin inkişafı üçün böyük işlər görülür, dəyərli layihə və təşəbbüslərə ev sahibliyi edilir. Əminik ki, Qazaxıstan dövləti bundan sonra da dinlər və sivilizasiyalararası dialoqun inkişafı prosesində fəal rolunu davam etdirəcəkdir.

Möhtərəm Qurultay iştirakçıları, dünya böyük təlatümlər yaşadığı, xüsusən, bəşəriyyətin XXI əsrdə üzləşdiyi ən təhlükəli təhdidlərdən olan koronovirus pandemiyasından tam qurtulmadığı bir dönəmdə insanların dərin sarsıntılar sonrası sosial-iqtisadi problemləri xüsusilə qabarır ki, bunun qarşısının alınmasında mənəvi amil mühüm rol oynayır, insan həmrəyliyi ideyaları hər zamankından daha artıq önəm kəsb edir. Dini liderlərin Uca Yaradan qarşısında ən mühüm vəzifəsi Rəbbimizin buyurduqlarını insanlara çatdırmaq, onları ilahi ideyalar işığında mənən gücləndirməkdir. Biz öz fəaliyyətlərimizdə Zati-müqəddəsləri Papa Fransisk həzrətləri ilə Əl-Əzharın Baş İmamı Şeyx Əhməd əl-Tayyib həzrətlərinin imzaladıqları İnsan Qardaşlığı sənədində, habelə, tarixi Məkkə bəyənnaməsində dinlərarası dialoq və əməkdaşlığa, qarşılıqlı anlaşma və sülh şəraitində dinc yanaşı yaşayışa dair müddəaları təqdir edirik. Hər zamankı kimi bugünkü Qurultayımızda da biz etnik və dini zəmində diskriminasiya və ekstremizm meyllərini, xristianofobiya, islamofobiya, antisemitizmi, ksenofobiyanın hər hansı təzahürlərini, dindən siyasi məqsədlər üçün sui-istifadə hallarını qətiyyətlə pisləməliyik. Bəşər ailəsinin üzvləri arasında ksenofobiya, qarşıdurma, nifaq toxumu səpən nifrət çağırışları və dözümsüzlük təzahürləri bəşər üçün dəhşətli təhlükə mənbəyidir. Bu əsnada, konfessiyalararası sülh və anlaşma, dinlərarası dialoq və əməkdaşlıq dini liderlərin dünya miqyasında sülh, təhlükəsizlik və əmin-amanlıq mühitinin formalaşmasına ən böyük töhfələri ola bilər. Din xadimi olaraq, bütün siyasət xadimlərinə müraciət edərək onları dünyanı xilas edəcək ideyalara üstünlük verməyə, silahların susdurulmasına, barış mühitinin bərqərarı naminə diplomatik səyləri dəstəkləməyə çağırıram. Hamımız şahidik ki, dünya olduqca təhlükəli həddə silahlanmaqda, hərbi xərclər artdıqca hərb düşüncəsi şüurlara daha artıq hakim olmaqdadır. Təəssüflər olsun ki, silahlanmaya trilyonlarla vəsait sərf olunur, halbuki, çəkilən xərclərlə dünyanın müxtəlif qitələrində, xüsusilə, Afrika ölkələrində bir parça çörəyə, bir içim suya möhtac, səfalətə düçar olmuş milyonlarla insanın bütün sosial-humanitar problemlərini həll etmək olardı. Dünya siyasətini yönləndirən idarəçilər bu barədə düşünməli, mərhəmətli olmalıdırlar. Dini liderlər, öz növbələrində, çağırış və moizələri ilə qarşıdurma və münaqişələrə yol verilməməsi üçün milyonlarla ardıcıllarını barış və qarşılıqlı ehtiramın hökm sürdüyü cəmiyyətlər kimi formalaşdırmaq yönündə fəaliyyətlərini daha da artırmalıdırlar. Müqəddəs Qurani-Kərimdə buyurulur ki: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin” (Əraf, 56). Bütün dinlər bəşərə ətraf mühitə mərhəmət, ehtiram ruhunu təlqin edir və əks təqdirdə yaşanacaq fəlakət, böhran və imtahanlardan xəbərdar edir. Yaşadığımız humanitar xarakterli böhranlar, həmçinin, münaqişə və müharibələrin fəsad-nəticəsidir. 30 illik işğala son qoyaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanda işğal dövründə Qarabağda yandırılmış torpaq, çirkləndirilmiş su hövzələri, məhv edilmiş təbiət, vandalizm və həqarətlərə məruz qalaraq dağıdılmış mədəni-mənəvi irs, basdırılmış saysız-hesabsız minalar bizim öz əzəli torpaqlarımıza qayıdışımızı əngəlləyir, yüzlərlə dinc insanın bu gün də həyatına son qoyur, sağlamlığına zərər verir. Təəssüf ki, bu gün də bəzi din xadimləri öz xalqlarını sülhə deyil, müharibəyə, qarşıdurmaya çağırır.

Möhtərəm Qurultay iştirakçıları, hər zamankı kimi vurğulamaq istərdim ki, müasir dünyanın mövcud təhdid və dünyada təhlükələrin qarşısının alınmasında, cəmiyyətin problemlərinin həllində real nəticələr dövlət, ictimaiyyət və din xadimlərinin birgə əməkdaşlığı sayəsində mümkün ola bilər. Bugünkü Qurultay çərçivəsində məhz bu formatda görüş imkanının yaradılmasına, mötəbər tədbirin ali səviyyədə təşkil olunmasına və yüksək qonaqpərvərliyə görə şəxsim və Azərbaycan xalqı adından qardaş Qazaxıstan dövlətinin rəhbərliyinə bir daha dərin minnətdarlığımızı və ən xoş arzularımızı yetirirəm. Əminəm ki, bu gün bizlərin qardaşlıq məclisində bir araya gəlməyimiz sülhə, ədalətə, mənəvi yüksəliş və bəşərin ümumi mənafelərinə ali xidmət olacaqdır, İnşallah. Uca Yaradan ölkələrimizdə daim sülh və əmin-amanlıq qərar versin, dünyanı hifz etsin. Amin!”.

Qurultay öz işini davam etdirir.