logo

Kasım-Jomart Tokayev şeyxülislam Allahşükür Paşazadəni qəbul edib

17:17 13-09-2022 | icon 1827
Kasım-Jomart Tokayev şeyxülislam Allahşükür Paşazadəni qəbul edib

Sentyabrın 13-də Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak etmək üçün bu ölkədə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

QMİ-nin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin və birinci vitse-prezident xanım Mehriban Əliyevanın salamlarını və xoş arzularını Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə çatdıran şeyxülislam Allahşükür Paşazadə qardaş dövlətlərimizin müdrik liderlərinin əsl qardaşlıq münasibətlərinin xalqlarımız və dövlətlərimiz üçün böyük perspektivlər açmasından fəxarət duyduğunu bildirib. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev öz növbəsində salamlarını və dualarını yüksək məqamlarına çatdırmağı xahiş edib, Azərbaycana səfərini olduqca yüksək qiymətləndirib, Azərbaycan prezidentinin və birinci xanımın tezliklə qardaş Qazaxıstana səfər edəcəklərinə əminliyini bildirib.

Səmimi şəraitdə keçən görüşdə Qazaxıstan prezidentinin bu yaxınlarda Azərbaycana rəsmi səfərinin böyük önəmindən danışılıb. Diqqətə çatdırılıb ki, strateji tərəfdaşlıq əlaqələri xalqlarımız arasında mövcud mədəni-mənəvi əlaqələrin dərinləşməsinə böyük təkan verir. Azərbaycan və Qazaxıstan prezidentlərinin Füzulidə uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olmalarının bunun gözəl nümunəsi olduğu qeyd edilib.

QMİ sədri A. Paşazadə vurğulayıb ki, Azərbaycan prezidentinin Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif olunması Azərbaycan xalqı üçün böyük dəyər kəsb edir.

A. Paşazadənin Qazaxıstana səfərini və Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirakını yüksək dəyərləndirən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev şeyxülislamın fəaliyyətini uzun illər ərzində izlədiyini bildirib, onun dünyada dinlərarası dialoq və əməkdaşlıq prosesində yerini və rolunu xüsusi qeyd edib. QMİ sədri A. Paşazadənin Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müsəlman dini liderlərini bir araya gətirən təşkilatın ərsəyə gəlməsindəki rolunun önəmini vurğulayan Qazaxıstan prezidenti bu quruma, onun işinə dəstəyini ifadə edib.

Şeyxülislam A. Paşazadə TDT Müsəlman Dini Liderlərinin İstanbul və Türküstan toplantılarının ardınca gələn ay Bakıda və Şuşada baş tutacaq görüşləri, imzalanacaq Birgə Bəyannamə barədə Qazaxıstanın dövlət başçısına ətraflı məlumat verib. Bildirib ki, TDT Müsəlman Dini Liderlərinin Şurasının təsis olunması türk dünyasının mənəvi birliyinin təşkilati bəyanıdır və Türk Dövlətləri Təşkilatının bütün qərarlarının, xüsusilə mənəvi sahəyə dair qərar və tövsiyələrinin həyata keçməsində dini liderlərin fəal rol oynamasını, yaxından iştirakını təmin edəcək. Şeyxülislam A. Paşazadə vurğulayıb ki, ortaq mənəvi dəyərlərimizin potensialının müştərək mənafelərimizə xidmət etməsi məramı ilə qardaş ölkələrimizin müsəlman dini liderlərinin təşkilati müstəvidə sıx əməkdaşlıq etməsi bütün türk dünyasının ümumi maraqlarının yalnız nəfinə olacaq.

QMİ sədri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderləri Şurasının qarşısında duran vəzifələr, nəzərdə tutulan işlər, müəyyən edilmiş prioritetlər barədə, o cümlədən birgə təhsil müəssisələrinin yaradılması, ortaq mənəvi dəyərlərin təbliği və təşviqi istiqamətində yüksək səviyyədə beynəlxalq tədbirlərin keçirilməsi planları ilə bağlı Qazaxıstan prezidentini ətraflı məlumatlandırıb.

Şeyxülislam A. Paşazadə qazax dövlətçiliyinin görkəmli nümayəndəsi olaraq Kasım-Jomart Tokayevi uzun illər ərzində tanıdığını, qardaş Qazaxıstanda müxtəlif dövlət vəzifələrində dəyərli fəaliyyətini hər zaman müşahidə etdiyini, Senatın sədri olduğu dövrdən Dünya və ənənəvi dini liderlərin Qurultayının təşəbbüskarından olduğunu fəxrlə qeyd edib. Diqqətə çatdırıb ki, prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə hazırda Qazaxıstanda gedən demokratik islahatlar, köklü dəyişikliklər qazax dövlətçiliyinin daha da möhkəmlənməsinə böyük töhfədir. Şeyxülislam A. Paşazadə bu ilin yanvar hadisələrinin bütün iştirakçılarına amnistiya elan olunmasını ali mərhəmət aktı kimi prezident Tokayevin müdrik dövlətçilik siyasətinin bariz nümunəsi kimi dəyərləndirib, bunun Qazaxıstan cəmiyyəti daxilində barış və həmrəyliyin daha da möhkəmlənməsinə, qazax xalqının yeni uğurlarına vəsilə olacağına əminliyini bildirib, öz xeyir-dualarını ifadə edib.

Görüş zamanı şeyxülislam A. Paşazadə son günlər Ermənistan-Azərbaycan sərhədində baş verən ardıcıl təxribatlara da toxunub. Qazaxıstan prezidenti bu hadisələrdən narahat olduqlarını bildirib. Vurğulanıb ki, Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü bərpa olunandan sonra bölgədə sülh, anlaşma və iqtisadi inkişaf yönündə səyləri dəstəkləmək əvəzinə, revanşizm, separatçılıq və təhlükəsizliyin təhdidi istiqamətində təxribat və silahlı toqquşmalar yolverilməzdir.

Kasım-Jomart Tokayev Qazaxıstanın mövqeyinin Qafqazda sülhün tam bərqərarı istiqamətində olduğunu diqqətə çatdırıb.