logo

Azərbaycanda hansı halda siyasi partiya təsis edilə bilməz?

16:14 07-09-2022 | icon 630
Azərbaycanda hansı halda siyasi partiya təsis edilə bilməz?

Azərbaycanda siyasi partiyaların yaradılmasına və fəaliyyətinə hansı hallarda yol verilməyəcək?

YeniAvropa xəbər verir ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində Azərbaycanda siyasi partiyaların təsis edilməsinə və fəaliyyətinə yol verilməyəcəyi hallar əksini tapıb.

Qanun layihəsinə əsasən, siyasi partiyaların aşağıdakı məqsədlə təsis edilməsinə və fəaliyyətinə yol verilmir:

- Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi;

- terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği;

- irqi, dini və ya etnik düşmənçiliyin salınması.

Eyni zamanda, layihəyə görə, Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və fəaliyyətinə yol verilmir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət orqanlarında (qurumlarında), yerli özünüidarəetmə orqanlarında, təhsil müəssisələrində, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq yaratdığı hüquqi şəxsdə, onun və xarici hüquqi şəxsin filialında, nümayəndəliyində siyasi partiyaların təsis edilməsi və fəaliyyəti qadağandır.

Siyasi partiyaların fəaliyyəti onların üzvlərinin Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönələ bilməz.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi parlamentin payız sesiyası müddətində müzakirə edilərək qəbul ediləcəyi gözlənilir.