logo

Azərbaycan Yaponiya ilə yeni Anlaşma Memorandumu imzalayacaq

18:15 05-09-2022 | icon 1218
Azərbaycan Yaponiya ilə yeni Anlaşma Memorandumu imzalayacaq

Yapon şirkətləri işğaldan azad olmuş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində yaxından iştirak etməkdə maraqlıdırlar. Quruculuq işlərinin daha geniş ərazilərdə aparılmasına yeganə maneə həmin rayonların işğal dövründə Ermənistan tərəfindən kütləvi şəkildə minalanmasıdır. Azərbaycan hökuməti tərəfindən həmin ərazilərdə intensiv şəkildə minadan və partlamamış hərbi sursatlardan təmizlənmə işləri aparılır. Həmçinin hazırda işğaldan azad edilmiş ərazilərdə dağıntıya məruz qalmış bina və tikililərdən yaranan tullantıların təkrar emal edilərək yenidən istifadəyə cəlb edilməsi ilə bağlı BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə birlikdə tədqiqatlar həyata keçirilir. Layihənin Yaponiya hökumətinin maliyyə dəstəyi ilə icra olunması ilə bağlı ilkin müzakirələr aparılır.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Respublikası ilə Yaponiya arasında İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının və Azərbaycan-Yaponiya İqtisadi Komitəsinin 11-ci birgə iclasında çıxış edən dövlət komissiyasının sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir bildirib ki, eyni zamanda, Yaponiya tərəfinə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yaponiya Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanması üçün təqdim edilib: “Yaxın gələcəkdə bu sahədə ölkələrimiz arasında əməkdaşlığa başlanacağına ümid edirik”.