logo

X Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb

17:42 21-07-2018 | icon 4515
X Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb

İyulun 30-dan avqustun 8-dək keçiriləcək X Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb. Festival Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək.

YeniAvropa  festivalın saytına istinadla xəbər verir ki, iyulun 30-da “Gənclərə dəstək” layihəsi çərçivəsində kamera konserti və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin simfonik orkestrinin çıxışı olacaq. Festivalın iyulun 31-də təqdim ediləcək kamera konsertlərində Xalq Artisti, Fərhad Bədəlbəyli (piano), Olqa Yermakova (piano), Dmitri Yablonski (violonçel), Janna Qandelman (skripka), Şükür Səmədov (klarnet), Annelle Qreqory (skripka), Oleq Xudyakov (piano), Andrey Varlamov (qaboy), Afanasi Stupakov-Konev (skripka), Çinarə Əzimova (soprano), Rəfiqə Quluzadə (piano) və Aleksandr Doronin (piano) çıxış edəcəklər. Axşam keçiriləcək rəsmi açılış konsertində isə fortepianoda Xalq artistləri Murad Adıgözəlzadə və Yeganə Axundova çıxış edəcəklər. Orkestri Əməkdar Artist Fuad İbrahimov idarə edəcək. Avqustun 1-də Azərbaycan və xarici musiqiçilərin iştirakı ilə kamera musiqisi axşamı və Kuba septetinin konserti olacaq. Avqustun 2-də “Multipiano” musiqi gecəsində Tomas Lev, Berenika Qliksman, Nimrod Natanel Mayri-Haftel, Almoq Seqal, Ayal-Peleq Pelç, muğam gecəsində xanəndələr Abgül Mirzəliyev, Kamilə Nəbiyeva, Səbinə Ərəbli, habelə, Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Emin Cəbrayılov (nağara), Çinarə Heydərova (kanon), Azad Əliməmmədov (balaban), Şəfa Kərimov (ud) çıxış edəcəklər. Avqustun 3-də “Bakı Kamera Orkestri”nin, Budapeşt Qaraçı Qrupunun və “Qaytağı” ansamblının konsertləri olacaq. Avqustun 4-də kamera konsertləri ilə yanaşı, Yerusəlim Simfonik Orkestrinin konserti olacaq. Orkestrə Dmitri Yablonski dirijorluq edəcək. Konsertdə Eduard Vulfson (skripka), Səidə Tağızadə (piano) və Aleksey Miltıx çıxış edəcəklər. İsrailli musiqiçilər festival çərçivəsində avqustun 5-də Şəkidə çıxış edəcəklər. Həmin gün Qəbələdə Qara Qarayevin 100 illik yubileyinə həsr edilən konsert olacaq. Avqustun 6-da Yerusəlim Simfonik Orkestrinə Mixail Xoxlov dirijorluq edəcək. Pianoda Oksana Yablonskaya və Toğrul Hüseynli çıxış edəcəklər. Festivalın sonuncu günü – avqustun 7-də azərbaycanlı musiqiçilərin iştirakı ilə konsert olacaq, bağlanış mərasimində isə Yerusəlim Simfonik Orkestri çıxış edəcək.