logo

Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edəcək

14:14 02-09-2022 | icon 2772
Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edəcək

Sentyabrın 5-dən 7-dək Azərbaycanda ilk dəfə Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın Avropa və Mərkəzi Asiya üçün regional tədbiri keçiriləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildiilib ki, tədbirin təşkilatçıları BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional ofisi (FAO-REU), Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatı (EPPO) və AQTA-dır.

 “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusuna həsr olunan tədbirin keçirilməsində əsas məqsəd fitosanitar tədbirlər üzrə beynəlxalq standartların layihələrinin təhlili, onlara dair şərhlərin formalaşdırılması və təqdim edilməsi, 2023-cü il üçün mövzular üzrə çağırış, “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiya ilə əlaqədar məlumatlılığın artırılması və regional səviyyədə təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

Tədbirdə ümumilikdə 40 nəfər olmaqla, FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional ofisi, Azərbaycan ofisi, IPPC, EPPO və üzv ölkələrin nümayəndələrinin iştirakı nəzərdə tutulub. IPPC katibi Osama El-Lissy, EPPO-nun baş direktoru Nico Horn, FAO-nun nümayəndəsi Melek Çakmakın da regional tədbirdə iştirakı gözlənilir. Səyahət məhdudiyyəti ilə əlaqədar olaraq Bakıya gələ bilməyən iştirakçılar tədbirə Parisdən onlayn formatda qoşulacaqlar.

Qeyd edək ki, “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiya 1951-ci ildə İtaliyanın paytaxtı Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının VI konfransında qəbul olunub. Azərbaycan 2000-ci il martın 14-dən etibarən həmin konvensiyaya qoşulub. Konvensiyanın katibliyi üzv ölkələr arasında bitki resurslarının mühafizəsi və təhlükəsiz ticarətin təmini sahəsində informasiya mübadiləsinə kömək edir. Həmçinin katibliyin üzvləri beynəlxalq standartların hazırlanması və tətbiqinə yardım göstərir, tərəflər arasında münaqişələrin həllində iştirak edirlər.