logo

Azərbaycanın hərbi-sənaye kompleksinin gücü “ADEX”də nümayiş olunacaq

12:32 30-08-2022 | icon 2765
Azərbaycanın hərbi-sənaye kompleksinin gücü “ADEX”də nümayiş olunacaq

Sentyabrın 6-dan 8-dək Bakıda təşkil olunacaq 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi Azərbaycanın hərbi-sənaye kompleksinin gücünün və qüdrətinin nümayişi olacaq. “ADEX” sərgisi müzəffər Ordumuzun Vətən müharibəsindəki Qələbəsində müstəsna rol oynamış müasir silahlarımızın əhəmiyyətini, ölkəmizin hərbi sənaye kompleksinin qüdrətini vurğulamaq üçün xüsusi önəm kəsb edir.

YeniAvropa xəbər verir ki, bunu avqustun 30-da sərginin açılışına həsr olunmuş mətbuat konfransında müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev deyib.

Nazir müşaviri qeyd edib ki, “ADEX” Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edəcək. İştirakçılar arasında Azərbaycanla yanaşı, Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri olacaq. İlk dəfə İordaniyadan olan şirkətlərin də qatılacağı builki sərgidə Belarus, İran, İsrail, Qazaxıstan, Pakistan, Rusiya, Türkiyə və digər ölkələr milli stendləri ilə iştirak edəcəklər.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin stendləri Bakı Ekspo Mərkəzinin birinci və üçüncü zallarında yerləşdiriləcək. Burada yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş etdiriləcək. Tədbir iştirakçıları ölkənin müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin mövcud və artmaqda olan imkanları ilə tanış ola biləcəklər.

“ADEX”də ən müasir silah növlərinin genişmiqyaslı nümayişi Silahlı Qüvvələrin texniki cəhətdən yenidən təchiz olunmasına töhfə verəcək, konstruktiv ünsiyyətə, təcrübə mübadiləsinə, hərbi-texniki sahədə yerli və xarici mütəxəssislər arasında səmərəli əlaqələrin qurulmasına şərait yaradacaq.