logo

“Moskva” ticarət mərkəzində qızıl oğurlyan şəxslər saxlanılıb

12:42 18-07-2022 | icon 1428
“Moskva” ticarət mərkəzində qızıl oğurlyan şəxslər saxlanılıb

Paytaxtın Nəsimi rayonunda yerləşən “Moskva” ticarət mərkəzində qızıl-zinət əşyalarının satıldığı mağazalardan birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, naməlum şəxs əvvəlcə qızıl almaq adı ilə dəyəri 2500 manat olan 1 ədəd üzüyü barmağına taxıb.

Sonra o, satıcının başının qarışıq olmasında istifadə edib və qızılı oğurlayaraq hadisə yerindən yayınıb.

Ərazidə xidmət aparan Baş Mühafizə İdarəsinin Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verilən kimi hadisəni törədən şəxs qısa zamanda saxlanılıb və ərazi üzrə 19-cu polis şöbəsinə təhvil verilib. Şöbədə araşdırma aparılan zaman oğurluq edən şəxsin əvvəllər məhkum edilmiş İlqar İmranov olduğu məlum olub.

Onun üzərindən oğurladığı qızıl üzük aşkarlanaraq götürülüb. İlqar İmranovun oğurluq etməsi ticarət mərkəzinin təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib.

Araşdırma zamanı onun Nərimanov rayonunda yerləşən qızıl-zinət əşyalarının satıldığı mağazalardan birindən də eyni üsulla bir ədəd dəyəri 1000 manat olan qızıl üzük oğurladığı məlum olub.

Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində “Moskva” ticarət mərkəzində baş verən daha bir oğurluq hadisəsini törədən şəxs qısa zamanda saxlanılıb.

Belə ki, qızıl piştaxtalarından birindən satıcının ani diqqətsizliyindən istifadə edərək bir ədəd dəyəri 1300 manat olan brilyant üzüyü oğurlayan şəxs ərazidə xidmət aparan mühafizə polisləri tərəfindən saxlanılıb.

Araşdırma zamanı onun əvvəllər də dəfələrlə oğurluq və digər cinayətlər törətdiyi üçün məhkum edilmiş Ayaz Osmanov olduğu məlum olub.

Onun üzərinə baxış zamanı oğurladığı üzük aşkarlanaraq götürülüb.

İlqar İmranov və Ayaz Osmanovun digər cinayətlərdə əlinin olub-olmadığının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.