logo

26 mindən çox abituriyent I və IV qruplar üzrə imtahan verir

10:47 18-07-2018 | icon 3640
26 mindən çox abituriyent I və IV qruplar üzrə imtahan verir

İyulun 18-də Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

YeniAvropa xəbər verir  ki,  imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 49 binada aparılacaq. Saat 11:00-da başlayacaq imtahanların idarə olunmasına 183 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2137 nəzarətçi-müəllim cəlb ediləcək. Üç saat davam edəcək imtahanlarda 26332 abituriyentin iştirakı gözlənilir. Onlardan 21734-ü I qrup, 4598-i isə IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 24244-ü Azərbaycan bölməsinin, 2088-i isə rus bölməsinin məzunudur. Abituriyentlərin 15496-sı oğlanlar, 10836-sı isə qızlardır.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test tapşırıqlarının ekspertizası aparılacaq. Eyni zamanda, “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat verəcəklər. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları DİM-in rəsmi internet və “Facebook” səhifələrində yerləşdiriləcək.

İmtahan verənlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet səhifəsində yerləşdiriləcək.