logo

İranda fəaliyyət göstərən bəzi avropalı diplomatlar casusluqda ittiham olunur

11:55 07-07-2022 | icon 1330
İranda fəaliyyət göstərən bəzi avropalı diplomatlar casusluqda ittiham olunur

İranda fəaliyyət göstərən bəzi Avropa dövlətlərinin səfirliklərində çalışan diplomatlar casusluqda ittiham edilir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun(SEPAH) yaydığı məlumatda deyilir. Nəzərə çatdırılır ki, səfirliklərin əməkdaşları diplomatik missiyanı yerinə yetirmək əvəzinə casusluqla məşğul olublar.

Qeyd olunub ki, Böyük Britaniyanın İrandakı səfirinin müavini, İrana turist kimi gələn polşalı alim Matsey Valçak və Avstriyanın İrandakı səfirliyinin mədəniyyət attaşesinin həyat yoldaşı həbs ediliblər. Onlar İran İslam İnqilabı Keşikçiləri Korpusunun raket sınaqları keçirdiyi Kirman vilayətinin Şahdad səhralığına gəlib, ərazidən torpaq, su, daş və palçıq nümunələri götürüblər.

Məlumatda bildirilir ki, həbs olunan zaman Böyük Britaniyanın səfirinin müavini xüsusi xidmət orqanlarının əməkdaşlarından üzr istəyib və bu əraziyə gəzməyə gəldiklərini bildirib. Diplomatların səhralığa “gəzməyə” gəlməsi xüsusi xidmət orqanlarında şübhə yaradıb və onlar dron vasitəsilə izlənilib. Həbs olunan diplomatlar Kirman vilayətindən çıxarılıb. Hazırda İranın xüsusi xidmət orqanları araşdırma aparırlar.