logo

"Şahdağ"da qar yağıb

12:02 04-07-2022 | icon 2121
"Şahdağ"da qar yağıb

Hazırda paytaxtda havanın orta temperaturu iqlim normasından aşağıdır. "Şahdağ"da isə havanın temperaturu 0 dərəcə qeydə alınıb, nəticədə yağıntı qara keçib, hətta 1 santimetrlik qar örtüyü əmələ gəlib.

YeniAvropa xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, bu, nadir hadisə olsa da, lakin 2019-cu ildə iyulun 1-də də "Şahdağ"da analoji proses baş verib: “Həm iyun ayında baş verən rekord sel-daşqın hadisələri, həm iyulun əvvəlində qeydə alınan proseslər iqlim dəyişmələrinin təzadlarının kəskinləşməsini, anomal atmosfer hadisələrinin artmasını növbəti dəfə göstərir”.

Xidmət rəisi qeyd edib ki, əvvəlcədən xəbər verildiyi kimi, soyuq atmosfer cəbhəsi əsasən şimal və qərb rayonlarında intensiv və güclü yağıntılara səbəb olub: “Belə ki, Böyük Qafqazın bəzi yerlərində güclü leysan olub, cəmi 12 saat ərzində düşən yağıntının miqdarı Balakəndə 83 (aylıq normanın 108 faizi), Zaqatalada 80 millimetr (aylıq normanın 104 faizi) təşkil edib. Nəticədə səhər saatlarında Zaqatala rayonunun Talaçay, Qımır, Qımırbazar kəndlərindən sel keçib”.

U.Tağıyeva onu da bildirib ki, yaxın günlər ərzində əksər rayonlarda havanın yağmursuz olacağı gözlənilsə də, lakin iyulun 9-dək şimal və qərb rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə qısamüddətli leysan xarakterli yağış yağacağı ehtimalı var.