logo

Azərbaycanla Hindistan ikiqat vergini aradan qaldıracaq

14:44 02-07-2022 | icon 2009
Azərbaycanla Hindistan ikiqat vergini aradan qaldıracaq

Azərbaycan və Hindistan arasında gəlirlərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsinin açıq qalan maddələri üzrə danışıqlar aparılıb.

 YeniAvropa Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Azərbaycan tərəfindən danışıqlarda Xidmətin Beynəlxalq Vergitutma və Vergi Monitorinqi Baş İdarəsinin rəis müavini Ceyhun İsmayılov, Beynəlxalq vergitutma şöbəsinin rəisi Elkin Məmmədov və digər səlahiyyətli nümayəndələr, Hindistan tərəfindən isə Maliyyə Nazirliyinin səlahiyyətli şəxsləri və Hindistanın Azərbaycanda yerləşən səfirliyinin nümayəndəsi iştirak ediblər.

Müzakirələrdə Saziş layihəsinin açıq qalan “Preambula”, “Dividendlər” “Üstünlüklərin məhdudlaşdırılması” və Sazişin Protokol hissələri ilə bağlı məsələlər, həmçinin təcrübədə bu növ sazişlərin tətbiqi ilə bağlı yaranan çətinliklər müzakirə edilib.

Bildirilib ki, Sazişin imzalanacağı təqdirdə, hər iki ölkənin sərmayəçilərinə əlverişli şərait yaranacaq, sənəd məlumat mübadiləsi və vergi borclarının yığılmasına effektiv münasibətin formalaşması üçün mühüm əhəmiyyət kəsb edəcək.

Müzakirələr qarşılıqlı anlaşma şəraitində keçib. Üç gün davam edən müzakirələrin nəticəsi olaraq Saziş layihəsinin vergitutma ilə bağlı açıq qalan bütün müddəaları üzrə razılıq əldə olunub.