logo

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

22:12 01-07-2022 | icon 2240
Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

taliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

YeniAvropa xəbər verir ki, yarışın 4-cü günündə gənc qızlardan ibarət millinin son 3 üzvü mübarizəyə qoşulub.

Gültəkin Şirinova (53 kq) ilk mərhələdə finlandiyalı Roberta Luostarinenə tam üstünlüklə qalib gəlib - 12:0. Ancaq Gəncə güləş məktəbinin yetirməsi 1/4 finalda ukraynalı Nataliya Klivçuktskayla bacarmayıb - 4:10.

Birgül Soltanova 1/8 finalda fransalı İris Tieboya tam üstünlüklə qalib gəlib - 10:0. Milli üzvü 1/4 finalda litvalı İneta Dantayteni vaxtından əvvəl xalçadan məyus yola salıb - 11:0. Yarımfinalda ukraynalı İrina Bondarı "tuşe" ilə məğlub edən Soltanova finala yüksəlib. Birgül həlledici görüşdə almaniyalı Luisa Şellə qarşılaşıb. Rəqibinə 4:3 hesabıyla qalib gələn Soltanova qızıl medalı boynundan asıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Mərziyə Sadıqova (72 kq) ukraynalı İrina Zablotskaya uduzub - 2:8. Ancaq rəqib finala yüksəldiyi üçün Sadıqova bürünc medal qazanmaq şansı əldə edib. Macarıstanlı Sofiya Viraqla görüş ərəfəsində qolundan ciddi zədələnməsinə baxmayaraq, əsl xarakter göstərən Mərziyə rəqibini "tuşe" ilə məğlub edərək bürünc medal qazanıb.

Beləliklə, komandamız qitə birinciliyini 2 qızıl və 2 bürünc medalla başa vurub.