logo

Azərbaycanla İran Araz su anbarının iş rejimi və su bölgüsünü müəyyənləşdirdi

13:31 30-06-2022 | icon 1323
Azərbaycanla İran Araz su anbarının iş rejimi və su bölgüsünü müəyyənləşdirdi

İranın Təbriz şəhərində Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 51-ci görüşünün Protokol layihəsinin müzakirəsi keçirilib.

Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin şöbə müdiri Elçin Məmmədov və sektor müdiri Elxan Hüseyinov, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.

YeniAvropa xəbər verir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-dən bildirilib ki, görüşdə bir sıra məsələlər müzakirə olunub. Belə ki, Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və energetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb.

Qeyd edək ki, Azərbaycan-İran Birgə Komissiyasının 52-ci görüşünün Protokol layihəsinin müzakirəsi gələn il Bakı şəhərində keçiriləcək.