logo

Beynəlxalq Olimpiya Günü Bakıda konfransla qeyd ediləcək

14:34 22-06-2022 | icon 3787
Beynəlxalq Olimpiya Günü Bakıda konfransla qeyd ediləcək

İyunun 24-də Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının(ASAPES) təşkilatçılığı ilə Beynəlxalq Olimpiya Gününə həsr olunmuş "İdman elminin müasir aspektləri" mövzusunda beynəlxalq elmi-praktiki konfrans start götürəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə ASAPES-dən bildirilib.Qeyd edilib ki, 2 gün davam edəcək konfransın məqsədi idmanın inkişafında son elmi nailiyyətlərin birgə müzakirəsi və təcrübə mübadiləsidir.

Konfransda respublikanın bədən tərbiyəsi və idman sahəsində görkəmli mütəxəssisləri ilə yanaşı, Böyük Britaniyanın London Kollec Universiteti (UCL), London İmperial Kolleci, Volverhampton Universitetinin, Türkiyənin Eskişehir Texniki Universiteti, Rusiyanın MGİMO, Lomonosov adına Moskva Dövlət Universiteti və digər ali məktəblərin professor heyətinin iştirakı gözlənilir.

Maykl Pol Luzmor, Denis Remedios, Roman Yahoda, Taro Netzer, Endi Leyn, Hayri Ertan, Artem Malqin, Nikolay Peşin kimi beynəlxalq səviyyədə tanınmış mütəxəssislər öz bilik və təcrübələrini konfrans iştirakçıları ilə bölüşmək üçün Azərbaycana səfər edəcəklər.

Konfransın Baku Marriott Hotel Boulevard otelində keçiriləcək ilk günündə idman elminin psixologiyası, idman tibbi, idman menecmenti və idman hüququ kimi istiqamətləri üzrə aktual mövzularda məruzələr təqdim ediləcək.

Konfransın ikinci günü "İdmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi", "Bədən tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması" və "Bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili" bölmələrində maraqlı təqdimatlar və müzakirələrlə ASAPES-də davam edəcək.