logo

Şabranın dağ kəndində 3 məzun üçün "Song zəng" çalınıb

15:33 16-06-2022 | icon 1708
Şabranın dağ kəndində 3 məzun üçün "Song zəng" çalınıb

Şabran rayonu Qələgah kənd ümumi orta məktəbini bu tədris ilində 3 məzun bitirib. Şagird sayı az olmasına baxmayaraq, məktəbdə təşkil olunan “Son zəng” tədbirindən fotolar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

 YeniAvropa xəbər verir ki, Qələgah kəndi Şabranın rayon mərkəzindən 12 kilometr məsafədə, dağlıq ərazidə yerləşir. Kənddə təminən 30-a yaxın ev var. Qələgah kənd ümumi orta məktəbində 19 şagird təhsil alır. Onlardan üçu - İlkin Qafarlı, Aysu Muradova və Şəhriyar Şahverdiyev bu il IX sinifdən məzun olub.

Məktəbin direktoru Pərvanə Aslanova bildirib ki, məktəbi bitirən şagirdlərin sayından asılı olmayaraq, məzunlar üçün əlamətdar olan “Son zəng” tədbiri təlimata uyğun qeyd edilib.

“Bizim məktəbdə Qələgah və Ləzədi kəndinin şagirdləri təhsil alırlar. Əvvəllər məktəbimizdə 40-50 şagird təhsil alırdı. İndi 19 nəfərdir. Müəllim kollektivimiz 8 nəfərdən ibarətdir. Məktəbi bitirən şagirlərimiz imtahanlarda uğurla iştirak ediblər. Təhsillərini davam etdirəcəklər. İlkin Qafarlı Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almaq istəyir. Bir şagirdimiz olsa belə, “Son zəng” tədbirini təşkil etməliydik. Üç şagirdimizdən biri üzrlü səbəbdən tədbirə qatıla bilmədi. Onları təbrik edib, gələcək həyatlarında uğurlar arzuladıq”, - deyə Pərvanə Aslanova bildirib.

Qələgah məktəbini bitirən şagirdlər tam orta təhsil almaq üçün qonşu Dağbilici kəndinə və ya rayon mərkəzindəki təhsil ocaqlarına üz tuturlar.

Qələgah kənd ümumi orta məktəbində təşkil olunan “Son zəng” tədbirindən fotoşəkilləri təqdim edirik.