logo

Ermənistan Azərbaycanın təklif etdiyi 5 prinsipi qəbul edib-İlham Əliyev

12:12 16-06-2022 | icon 1484
Ermənistan Azərbaycanın təklif etdiyi 5 prinsipi qəbul edib-İlham Əliyev

Ermənistanla münasibətlərin normallaşdırılması üçün bizim irəli sürdüyümüz təkliflərə ölkələrin bir-birinin sərhədlərinə qarşılıqlı hörmət də daxildir. Biz şadıq ki, Ermənistan hökuməti bu beş prinsipi qəbul etdi.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

Dövlət başçısı bildirib ki, indi biz bu proseslə əlaqədar praktiki işlər görməliyik. “Çünki tarixdən də bilirik ki, bəzən hətta Ermənistanın yüksək səviyyəli rəsmilərinin verdiyi bəyanatlar böyük əhəmiyyətə malik olmur. Azərbaycan artıq sərhədin delimitasiyası ilə bağlı komissiya yaradıb. Biz Ermənistandan da eyni addımı gözləyirik”, - deyə prezident İlham Əliyev diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması üçün aşağıdakı təklifləri irəli sürüb:

- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.