logo

İspaniyada ərzağı zibilliyə atan restoran və mağazalar cərimələnəcək

15:13 07-06-2022 | icon 1953
İspaniyada ərzağı zibilliyə atan restoran və mağazalar cərimələnəcək

İspaniya hökuməti qida məhsullarını zibil kimi atan restoran və mağazaların cərimələnməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyəcək.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, İspaniyanın iaşə obyektləri və mağazaları hər il təxminən 1,3 milyard kiloqram, yəni adambaşına orta hesabla təxminən 31 kiloqram ərzaq məhsulunu zibilliyə atır. Bu tendensiya ilə mübarizə aparmağa çalışan Krallığın Nazirlər Kabineti ərzaq itkilərinin qarşısının alınması ilə bağlı qanun layihəsini təsdiqləmək istəyir. Təşəbbüs qida zəncirinin bütün iştirakçılarından israfçılığın qarşısını almaq üçün plan hazırlamağı tələb edir. Qaydalara əməl etməyən barlar, restoranlar və mağazalar cərimələnə bilər.

Plana əsasən artıq qalan ərzaq qida banklarına verilə bilər. Müəssisələr həmin təşkilatlarla məhsulların toplanması, saxlanması və daşınması şərtlərini müəyyən edən müqavilələr imzalamalıdır. Həmçinin artıq qalan meyvələrdən şirə və ya mürəbbə hazırlamaq mümkündür. Digər seçim isə ərzaq qalıqlarını heyvan yemi üçün istifadə etməkdir. Bundan başqa, restoranlar müştərilərə artıq qalan qidanı özləri ilə aparmağı təklif etməli, mağazalar isə yararlılıq müddəti bitən ərzaqların ucuz qiymətlərlə satışını stimullaşdırmalıdır.

Qanun layihəsi təsdiqlənərsə, qaydalara əməl etməyən müəssisələr 2 mindən 60 min avroyadək, israfçılığa təkrar yol verdikləri halda isə 500 min avroya qədər cərimə ödəməli olacaq.