logo

Şahdağ Milli Parkında daha bir zubr balası dünyaya gəlib

13:59 07-06-2022 | icon 1638
Şahdağ Milli Parkında daha bir zubr balası dünyaya gəlib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi , WWF-in Azərbaycan ofisi və IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiyası layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan daha birinin balası dünyaya gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib. 

Qeyd edib ki, zubr balalarının sayı 5-ə çatıb. İndiyə qədər dünyaya gələn balalardan 4-ü erkək olsa da, hazırkı bala dişi fərddir. Bu da heyvanların populyasiyasının artımına müsbət töhfə verəcək. Bala sağlamdır, yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub.

Xidmət rəsmisinin sözlərinə görə, IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-cu ilin mayında Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Avropadan 12 baş, 2020-ci ildə isə daha 5 baş zubr gətirilərək təbiətə buraxılmışdı.