logo

Qazaxıstanda ölüm hökmü və Nursultan Nazarbayevin statusu ləğv edildi

12:10 07-06-2022 | icon 2030
Qazaxıstanda ölüm hökmü və Nursultan Nazarbayevin statusu ləğv edildi

Qazaxıstanda iyunun 5-də keçirilmiş konstitusiya referendumunda seçici fəallığı 68,05 faiz təşkil edib.

YeniAvropa  "Kazinform" agentliyinə istinadla xəbər verir ki referendumda iştirak edən vətəndaşların 77,18 faizi konstitusiyaya əlavə və düzəlişlərin lehinə səs verib, əleyhinə çıxanların sayı isə 18,66 faiz olub.

Mərkəzi referendum komissiyasının sədri Nurlan Abdirovun sözlərinə görə, Əsas Qanuna təklif edilən dəyişikliklər bütövlükdə qəbul olunmuş sayılır.

“Referendumda qəbul edilmiş qərar məcburi qüvvəyə malikdir və əlavə aktlarla təsdiqləməsi tələb olunmur. Konstitusiyaya dəyişiklik və əlavələr referendumun nəticələrinə dair rəsmi məlumat dərc edildiyi gündən qüvvəyə minir”, - deyə o bildirib.

Qəbul olunan dəyişikliklərə əsasən, dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin və yerli nümayəndəli orqanların rolu əhəmiyyətli dərəcədə artırılır, hüquq–müdafiə sistemi gücləndirilir, Konstitusiya Məhkəməsi yenidən qurulur, ölüm hökmünün ləğvi qəti təsbit olunur, həmçinin ölkənin birinci prezidenti Nursultan Nazarbayevin statusu haqqında müddəa konstitusiyadan çıxarılır.