logo

Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfərə gedir

11:11 07-06-2022 | icon 2184
Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfərə gedir

Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iyunun 7-də Türkiyəyə səfərə yola düşüb.

QMİ-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, səfər “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suverin dəvəti ilə baş tutur.

Vəqfin təşkilatçılığı ilə iyunun 7-9-da İstanbul şəhərində keçiriləcək XXV Avrasiya İqtisadi Zirvə toplantısı çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə “Qida, ərzaq, əmtəə böhranı, müharibə Paris Anlaşmasını kölgələyəcəkmi?” mövzusunda panel iclasda əsas məruzəçi kimi çıxış edəcək, dünyada mövcud iqtisadi problemlərin mənəvi baxımdan dəyərləndirilməsinə dair fikirlərini bölüşəcək. Çıxışında QMİ sədri işğal dövründə Qarabağ ərazisində törədilmiş ekoloji fəlakətin miqyasından, Vətən müharibəsindəki Zəfərdən sonra Azərbaycan dövlətinin azad olunmuş torpaqlarımızda apardığı geniş bərpa- quruculuq işlərindən bəhs edəcəkdir.

Dörddə bir əsr ərzində mütəmadi olaraq keçirilən, dövlət və hökumət başçılarının, parlamentarilərin və tanınmış ictimai xadimlərin qatıldığı mötəbər toplantının builki zirvəsində postpandemiya dövründə dünyada yaşanan sosial və iqtisadi problemlərin həlli yolları müzakirə ediləcək, enerji və ərzaq təhlükəsizliyi məsələləri gündəmdə olacaq.

Şeyxülislam Allahşükür Paşazadə tədbir çərçivəsində Avrasiya İqtisadi Zirvə görüşünün nüfuzlu iştirakçıları ilə görüşlər keçirəcək.