logo

İrandan Azərbaycana 38 kq narkotika keçirən şəxslər saxlanılıb

18:11 06-06-2022 | icon 1568
İrandan Azərbaycana 38 kq narkotika keçirən şəxslər saxlanılıb

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətləri narkotik vasitələrin qaçaqmalçılığına və qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində birgə kompleks əməliyyat-istintaq tədbirlərini davam etdirir.

Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətlərinin YeniAvropa-ya daxil olan birgə məlumatında bildirilib ki, İran İslam Respublikasının vətəndaşlarının da daxil olduqları qabaqcadan əlbir olan bir qrup şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlar əsasında Azərbaycan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Sabirabad rayon sakini Ataşov Rahim Hacı oğlu külli miqdarda narkotik vasitəni - 37 kiloqram 550 qram qurudulmuş marixuananı idarə etdiyi avtomobilin yük yerində daşıyarkən tutulub.

Aparılan araşdırmalarla dövlət sərhədini qanunsuz yolla keçərək külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikası ərazisinə keçirib İmişli rayonunda Rahim Ataşova təhvil verdiyi müəyyən edilən, üzərilərində şəxsiyyətlərini təsdiqləyən sənədləri olmayan İran İslam Respublikası vətəndaşları 1966-cı il təvəllüdlü Mehriban Latif Mohsen və 1980-ci il təvəllüdlü Parsa Jaffarlou Amrrza Ramazan dövlət sərhədində saxlanılıblar.

Məlum olub ki, Latif Mehriban daha əvvəl də eyni əməllərə görə 2008-ci ildə Azərbaycan Respublikasında saxlanılaraq 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, 2014-cü ildə cəzasının qalan hissəsini çəkməsi üçün vətəndaşı olduğu ölkəyə təhvil verilib. O, İran İslam Respublikasında cəzadan vaxtından əvvəl azad edildikdən sonra da eyni cinayət əməllərini davam etdirib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rahim Ataşov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma) maddələri, Latif Mehriban və Amrrza Parsa Jaffarlou isə Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə yanaşı, 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunublar. Həmin şəxslərin barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.