logo

AZAL Rusiyaya uçuşları bərpa edir

19:50 02-06-2022 | icon 5404
AZAL Rusiyaya uçuşları bərpa edir

Azərbaycanın milli aviadaşıyıcısı iyunun 15-dən etibarən Rusiyanın şəhərləri ilə hava əlaqəsini bərpa edir.

“Azərbaycan Hava Yolları” QSC-dən(AZAL) YeniAvropa-ya bildirilib ki, qeyd edilən tarixdən etibarən “AZAL” və “Buta Airways” aviaşirkətləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Moskva, Sankt-Peterburq, Həştərxan, Mineralnıye Vodı və Kazan şəhərlərinə uçuş proqramını mərhələli şəkildə bərpa edir.

“Azərbaycan Hava Yolları” aviaşirkəti iyunun 15-dən etibarən Moskva şəhərinin Domodedovo və Vnukovo hava limanlarına gündəlik uçuşlar yerinə yetirməyə başlayacaq. Bakıdan Sankt-Peterburq şəhərinə aviadaşıyıcının uçuşları həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.

“Buta Airways” aşağıbüdcəli aviaşirkət həmin tarixdən həftədə iki dəfə olmaqla Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri) və Kazan (çərşənbə və şənbə günləri) şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

“AZAL” və “Buta Airways” aviaşirkətlərinin Rusiya şəhərlərinə planlaşdırılan bütün reyslərinə biletlər artıq aviadaşıyıcının akkreditə olunmuş agentliklərində satışdadır. Aviaşirkətlərin “www.azal.az” və “butaairways.az” rəsmi saytlarında biletlərin satışı mərhələli şəkildə açılacaq.

Bu uçuşlara qeyd edilən daşıma şərtlərinə uyğun və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşa icazə verilən sərnişinlər qəbul ediləcək.

Rusiyaya səyahət etməyi planlaşdıran sərnişinlərə uçuşdan əvvəl, bu ölkəyə daxil olarkən qüvvədəki qayda və məhdudiyyətlərlə tanış olmaları məsləhət görülür. Pandemiya dövründə ölkəyə giriş qaydaları ilə aviaşirkətlərin saytlarında tanış olmaq olar: https://www.azal.az/az/information/covid-russiahttps://www.butaairways.az/az/covid/russia.

Azərbaycana giriş qaydaları haqqında məlumatla “https://www.azal.az/az/information/covid-azerbaijan” və “https://www.butaairways.az/az/covid/azerbaijan” keçidi vasitəsilə tanış olmaq olar.