logo

Paytaxtdakı sığınacaqda azyaşlı uşaqlara zorakılıq edənlərə cinayət işi başlanıb

13:53 02-06-2022 | icon 1666
Paytaxtdakı sığınacaqda azyaşlı uşaqlara zorakılıq edənlərə cinayət işi başlanıb

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda müxtəlif dövlət orqanlarının iştirakı ilə mayın 10-da keçirilmiş monitorinq zamanı uşaqların bədənində xəsarət izlərinin aşkarlanması ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Sabunçu rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla həmin sığınacaqda 2022-ci il fevralın sonundan mayın əvvəlinə qədər saxlanılmış C.M-in (şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib, o cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1-ci (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.