logo

Lökbatanda 60 yaşlı qadını öldürüb mənzilini də yandırdı

14:44 27-05-2022 | icon 2030
Lökbatanda 60 yaşlı qadını öldürüb mənzilini də yandırdı

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən YeniAvropa-ya daxil olan birgə məlumatda bildirilir ki, mayın 27-si saat 07 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və orada yaşayan 1961-ci il təvəllüdlü Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyitinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 1985-ci il təvəllüdlü Orxan Novruzov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Orxan Novruzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.