logo

İstanbulda Azərbaycan-Türkiyə  Birgə Daimi Komissiyanın iclası keçirilir

15:13 19-05-2022 | icon 2527
İstanbulda Azərbaycan-Türkiyə  Birgə Daimi Komissiyanın iclası keçirilir

İstanbulda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 10-cu iclası öz işinə başlayıb.

İclasın açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 19 May - Atatürkü Anma, Gənclik və İdman bayramı münasibətilə Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilginə və onun rəhbərlik etdiyi kollektivə təbrikini ifadə edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan S.Babayev həmin inkişafın təmin edilməsində iki qardaş ölkənin dövlət başçılarının birgə səylərinin mühüm rola malik olduğunu diqqətə çatdırıb.

O, Azərbaycanla Türkiyənin hər zaman bir yerdə olduğunu, İkinci Qarabağ müharibəsi zamanı da bunu bir daha bütün dünyaya nümayiş etdirdiyini bildirib. Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb.

Türkiyə ilə əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrin daha da gücləndirilməsinin mühüm əhəmiyyətini qeyd edən S.Babayev ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar barədə məlumat verib. Birgə Daimi Komissiyanın iclasının da iki nazirlik arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilgin Azərbaycanın Türkiyə üçün dost və qardaş ölkə olduğunu, iki ölkənin hər zaman bir-birinin yanında olduğunu, əlaqələrin daim inkişaf etdiyini diqqətə çatdıraraq, əmək və sosial müdafiə sahəsində əlaqələrin inkişafı üçün səylərin daim artırıldığını vurğulayıb. Hər iki nazirliyin islahatlar prosesində fəal təcrübə mübadilələrinin əhəmiyyətini qeyd edib.

Birgə Daimi Komissiyanın iclasında iki nazirlik arasında ötən dövrdə imzalanmış əməkdaşlıq sənədlərinin icrası sahəsində görülmüş işlər nəzərdən keçirilir.

Əməkdaşlığın müvafiq fəaliyyət sahələri üzrə daha da genişləndirilməsi, sosial sahədə mütərəqqi təcrübələrin tətbiqi, DOST konsepsiyası, elektron xidmətlərin geniş tətbiqi, əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə reabilitasiya xidmətlərinin göstərilməsi, əmək, məşğulluq sahəsində islahatlar və digər sahələrdə təcrübə, məlumat mübadilələrinin aparılması müzakirə olunur.