logo

Gitanas Nauseda: Azərbaycan Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşıdır

21:41 18-05-2022 | icon 2562
Gitanas Nauseda: Azərbaycan Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşıdır

Azərbaycan Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşıdır. İkitərəfli münasibətlərin 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanatın ruhuna uyğun şəkildə daha da inkişaf etdirilməsi bizim marağımızdadır.

YeniAvropa xəbər verir ki, bu fikirləri Litva prezidenti Gitanas Nauseda Azərbaycan prezidenti İlham Əliyev ilə görüşlərindən sonra mətbuata bəyanatında söyləyib.

“Mən tam inanıram ki, bizim iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün böyük potensial var. Bu səbəbdən mən özümlə Azərbaycana bir çox biznes nümayəndələrini gətirmişəm. Biz bazar imkanlarını araşdırmaqda və ikitərəfli ticarət həcmlərini artırmaqda maraqlıyıq. Mən, həmçinin Azərbaycan biznes missiyasını bu ilin sonlarında Litvaya səfərə dəvət edirəm”, - deyə Litva prezidenti bildirib.

Prezident Gitanas Nauseda deyib ki, biz Avropa və onun təhlükəsizlik arxitekturası üçün önəmli dönəmdəyik: “Biz indi danışdığımız zaman Ukrayna öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edir. O, həmçinin qaydalara əsaslanan beynəlxalq nizamı müdafiə edir. İndi bütün mövcud praktiki vasitələrlə Ukraynanı dəstəkləmək vacibdir”.