logo

Ceyhun Bayramov TÜRKSOY-un baş katibi ilə görüşüb

21:12 18-05-2022 | icon 651
Ceyhun Bayramov TÜRKSOY-un baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 18-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının(TÜRKSOY) baş katibi Sultan Raev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov Sultan Raevi TÜRKSOY-un baş katibi seçilməsi münasibətilə təbrik edib. O, Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı ilə əməkdaşlığa verdiyi yüksək önəmi vurğulayıb. Nazir Şuşada keçiriləcək konfransda iştirakı çərçivəsində baş katibin azad edilmiş ərazilərdəki vəziyyət, o cümlədən orada aparılan genişmiqyaslı quruculuq işləri ilə yaxından tanış olmaq imkanının olacağını bildirib.

Baş katib Sultan Raev namizədliyinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib. Təşkilatın rəhbəri qismində fəaliyyətin yüksək məsuliyyət tələb etdiyini söyləyən baş katib Türk dünyasının mədəniyyətinə xidmət edəcəyini vurğulayıb. TÜRKSOY Daimi Şurasının Bursa şəhərində keçirilən iclasında Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan olunduğunu xatırladan Sultan Raev bu xüsusda qarşıdan gələn il ərzində zəngin proqramların təşkil ediləcəyini söyləyib.

Görüşdə tərəflər, həmçinin gələn il TÜRKSOY-un 30 illiyinin qeyd edilməsi, Azərbaycanın təşkilatla fəal əməkdaşlığı, türk xalqlarının ortaq mədəniyyətinin təşviqi istiqamətində işlərin görülməsi və digər qarşılıqlı maraq doğuran mövzular üzrə fikir mübadiləsi aparıblar.