logo

20 min manatdan çox pulu mənimsəyən “Azərpoçt”un filial müdirinə cinayət işi açılıb

15:35 17-05-2022 | icon 2436
20 min manatdan çox pulu mənimsəyən “Azərpoçt”un filial müdirinə cinayət işi açılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində nağd pul vəsaitləri ilə bağlı çatışmazlığın yaranmasına dair daxil olmuş müraciət əsasında Binəqədi rayon Prokurorluğunda araşdırma aparılıb.

Binəqədi rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla həmin poçt şöbəsinin sabiq müdiri Gülnarə Xəlilovanın işlədiyi 2021-ci il 12 iyul tarixdən 2021-ci il 12 sentyabr tarixinədək olan müddətdə şöbənin xəzinəsindəki 16 min 500 manat və 4500 ABŞ dolları məbləğində nağd pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.