logo

Bakıda “Avropa şəhərciyi-2022”  açılıb

13:33 14-05-2022 | icon 9856
Bakıda “Avropa şəhərciyi-2022”  açılıb

Avropa İttifaqının(Aİ) Azərbaycandakı Nümayəndəliyi və Aİ-nin Bakıda akkreditə olunmuş üzv dövlətlərinin səfirliklərinin təşkilatçılığı ilə dördillik fasilədən sonra Bakı bulvarında “Avropa şəhərciyi”(EuroVillage 2022) təşkil edilib.

YeniAvropa xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni və Avropa İttifaqının Himni səsləndirilib.

Tədbirdə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib: “Avropa şəhərciyi Avropaya açılan pəncərədir və həm də Avropa İttifaqının təşkil etdiyi zəngin mədəniyyət və müxtəliflikləri görmək, öyrənmək və zövq almaq imkanıdır. Biz bu bayramı azərbaycanlı dostlarımızla bölüşməkdən və onlara Aİ ilə Azərbaycanın birgə qurduqları möhkəm tərəfdaşlıq haqqında məlumat verməkdən məmnunuq”.

Sonra mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bu layihə barədə öz fikirlərini bölüşərək, eləcə də güclü Azərbaycanın multikulturalizm ənənələrinə də sadiqliyindən danışıb. “Biz öz Dövlət Himnimizin hər bir sözünə sahib çıxa bildik. Qəhrəman övladlar canlarından keçərək bu doğma torpaqları işğaldan şücaətlə azad etdi. Zəngin mədəniyyətimiz bizim ərazi bütövlüyümüzü bərpa etdi. Çünki bizim mədəniyyətimizdə Vətən anlayışı daha geniş şəkildədir və bu hətta digər ölkələrin mədəniyyətləri ilə müqayisədə daha güclü şəkildə özünü ehtiva edir. Azərbaycan mədəniyyətinin səciyyəli cəhətlərindən biri də odur ki, ölkəmiz hər zaman müxtəlif mədəniyyətləri çox isti qarşılayaraq, onlara yaşam yeri vermiş və onları burda birləşdirmişdir. Bu gün Azərbaycanda müxtəlif xalqların nümayəndələri rahat şəkildə yaşaya və öz mədəniyyətlərini sərbəst şəkildə təbliğ edə bilirlər. Azərbaycan hər zaman tolerantlıq və multikulturallizm ənənələrini özündə birləşdirə bilmişdir. Məhz buna görə də bu gün biz bu tədbirdəyik və məhz bu səbəbdən də biz “Avropa şəhərciyi”ni təşkil etmişik", - deyə nazir müavini vurğulayıb.

Sonra isə tədbirdə iştirak edən bir çox xarici dövlətlərin səfirləri təqdim edildikdən sonra bütün sərgi iştirakçıları stendlərə dəvət ediliblər.

“Avropa şəhərciyi” ziyarətçilərə Avropa İttifaqı, onun dəyərləri və fəaliyyəti, Azərbaycanla uzunmüddətli əməkdaşlıq və tərəfdaşlıq barədə daha çox məlumat əldə etmək imkanı verir. Tədbirin zəngin və hərtərəfli proqramı bütün yaş qruplarını əhatə edir. Bu il həm də “Avropa Gənclər günü” kimi qeyd olunduğu üçün bir çox gənc tədbirə könüllü, iştirakçı, layihə əməkdaşı və gənc Avropa səfiri kimi qoşularaq öz töhfələrini veriblər.

Layihənin proqramına əsasən, gənc Avropa səfirlərinin və tədbirin aparıcısı Fuad Axundovun keçirtdiyi viktorinalarda və müsabiqələrdə də iştirak edənlər müxtəlif hədiyyələr qazanıblar.

Ziyarətçilər Aİ-yə üzv dövlətlərin stendlərindən daha çox məlumat əldə edə biliblər. ERASMUS + layihəsi Avropada təhsil yolları barədə gənclərə məlumat və məsləhətlər verib.

Sonra layihələrin stendlərində ziyarətçilər fotosərgilərlə tanış olaraq, misgərlik məmulatlarının hazırlanması, vitraj rəsmlərinin çəkilməsi kimi ustad dərslərinə qatılmaq imkanı əldə ediblər.

Qeyd edək ki, "Avropa şəhərciyi-2022" axşam saatlarına qədər ziyarətçilərə açıq olacaq. Sonda möhtəşəm axşam konserti ilə “Avropa şəhərciyi-2022”nin bağlanış mərasimi keçiriləcək. Konsertdə bir çox tanınmış müğənnilər və DJ-lər çıxış edəcəklər.