logo

Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

11:22 08-05-2022 | icon 1708
Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərində səfərdədir.

 YeniAvropa xəbər verir ki, bu barədə QMİ-nin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki,Beynəlxalq Müsəlman Cəmiyyətləri Şurasının təşkilatçılığı ilə 8-9 may tarixlərində paytaxt Əbu-Dabi şəhərində keçirilən “İslam Vəhdəti: konsepsiya, imkanlar, çağırışlar” mövzusunda beynəlxalq konfransda iştirak edən QMİ sədri fəxri qonaqların təmsil olunduğu Rəyasət Heyətində yer alıb.

Dünyanın 150 ölkəsindən 500-ə yaxın müsəlman dini lider və din xadimlərinin iştirak etdiyi mötəbər konfransda BƏƏ-nin tolerantlıq və birgəyaşayış naziri Şeyx Nəhyan bin Mübarək Əl-Nəhyan açılış nitqi ilə çıxış edib. Bildirib ki, İslam cəmiyyətlərinin XXI əsrdə qarşılaşdığı problemlər İslam dövlətləri, cəmiyyətləri, təşkilatları və sıravi fərdlərdən müsəlmanların 20-ci əsrədək tarix boyu təhsildə, mədəniyyətdə, ideologiyada və iqtisadiyyatda əməkdaşlıq, qarşılıqlı fəaliyyət və faydalanma üzərində qurulan mədəni, humanitar müstəvidə İslam vəhdəti anlamının bərpa olunmasını tələb edən imkan və çətinliklər işığında İslam vəhdəti ideyalarını zəruri edir. Əlavə edib ki, dövr bizdən bu qarşılıqlı fəaliyyət və əməkdaşlığın nümunəsinin yenilənməsini və mövcud təcrübənin geri qaytarılmasını tələb edir.

Daha sonra BƏƏ-nin Fətva Şurasının sədri Şeyx Abdalla bin Beyyəh çıxış edib.

Konfrans çərçivəsində şeyxülislam A.Paşazadə İslam Əməkdaşlığı Təşkilatının baş katibi Hüseyn İbrahim Taha, Türkiyə dəyanət işləri başkanı Ali Erbaş, Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdül Salam, Misirin vəqflər naziri Məhəmməd Muxtar Cümə, Livan Xristian-müsəlman milli komitəsinin baş katibi, KAİCİİD Direktorla Şurasının üzvü Məhəmməd Sammak, Rusiya Federasiyası Kazan Universitetinin rektoru Rafiq Muxametşin və digər dini liderlərlə görüşlər keçirib.

Konfrans öz işinə davam edir. QMİ sədri şeyxülislam A.Paşazadə konfransın sabahkı - nazirlər səviyyəsində “Vahid ümmət və müxtəlif əqidə məzhəbləri” mövzulu plenar iclasında çıxış edəcək.

Səfər müddətində BƏƏ rəhbərliyi ilə görüşlər nəzərdə tutulur.