logo

FHN güclü küləklə əlaqədar əhaliyə müraciət edib

15:10 05-05-2022 | icon 2485
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) Milli Hidrometeorologiya Xidmətinin mayın 6-dan başlayaraq yaxın günlər ərzində ölkə ərazisində havanın yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağ çaylarında qısamüddətli daşqın və sel olacağı, xüsusilə mayın 6-da və 7-də bəzi ərazilərdə güclü külək əsəcəyinə dair proqnozu ilə bağlı əhaliyə müraciət edib.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya daxil olan müraciətdə gözlənilən hava şəraiti ilə əlaqədar əhalinin müvafiq təhlükəsizlik qaydalarına əməl etməsinin zəruriliyi vurğulanıb. Bir sıra ərazilərdə, o cümlədən Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunub. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinliklər nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasının vacibliyi vurğulanıb.

Bundan əlavə, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə edilib.

“Həmçinin ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə olunur.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə FHN-in müraciətində bildirilib.