logo

Şeyxülislam Allahşükür Paşazadə Avropa Şurası Baş katibinin müavini ilə görüşüb

12:23 03-05-2022 | icon 1554
Şeyxülislam Allahşükür Paşazadə Avropa Şurası Baş katibinin müavini ilə görüşüb

Fransanın Strasburq şəhərində Avropa Şurası Nazirlər Kabinetinə İtaliyanın sədrliyi ilə keçirilən dinlərarası dialoqa həsr edilmiş “Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” adlı konfrans çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Avropa Şurası baş katibinin müavini Byorn Berge ilə görüşüb.

YeniAvropa xəbər verir ki, görüşdə Avropa Şurası baş katibinin müavini Byorn Berge Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə müsəlmanların müqəddəs Ramazan bayramında Avropa Şurası Nazirlər Kabinetinə İtaliyanın sədrliyi çərçivəsində dinlərarası dialoqa həsr edilmiş “Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” adlı konfransa qoşulmasına görə təşəkkür edib və bunu yüksək qiymətləndirib. O, Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqda qabaqcıl rolunu xüsusi qeyd edib. Dinlərarası dialoq sahəsində Qafqaz Müsəlmanlar İdarəsinin, xüsusilə də şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətini izlədiyini bildirib.

Qırx dörd günlük müharibə zamanı Ermənistanın dini rəhbəri ilə dialoqu davam etdirməsini yüksək qiymətləndirib.

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycanın dini liderinin Strasburqda dinlərarası dialoqa həsr edilmiş konfransda iştirakı xalqımızın, dövlətimizin bu vacib prosesə verdiyi önəmi əks etdirir. 

Şeyxülislam Allahşükür Paşazadə Ermənistanın dini rəhbəri ilə dialoqu davam etdirdiyini vurğulayaraq, ölkəmizin münaqişəni daima sülh yolu ilə həll etmək niyyətində olduğunu deyib. Qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli mümkün olmadığından Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi nəticəsində rəşadətli Ordumuzun sayəsində 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı azad etməli olduq. Otuzillik işğal dövründə bir çox qüvvələr münaqişəyə dini don geyindirməyə, ona dini zəmin verməyə cəhd etsələr də, buna yol verilmədi.

Qafqaz Müsəlmanlar İdarəsinin sədri MDB dinlərarası Şurasının həmsədri qismində dinlərarası dialoqa həmişə önəm verməsindən, Ermənistan katolikosunu Bakıya dəvət etməsindən, özünün də İrəvanda olmasından söz açıb. Münaqişənin sülh yolu ilə həll edilməsinin mümkün olmamasına təəssüflənib. Bildirib ki, torpaqlarımız azad edildikdən sonra orada törədilən vandalizmin şahidi olduq. Təkcə məscidlər deyil, kilsələr də dağıdılmış və mənsubiyyətlərini dəyişdirməyə, onları qriqoryanlaşdırmağa çalışıblar. QMİ sədri Azərbaycanın azad olunmuş ərazilərində guya özünün dağıntılar törətməsi kimi yalanların bu gün də davam etməsinə təəssüflənib.

Şeyxülislam Allahşükür Paşazadə Avropa Şurası baş katibinin müavinini Bakıya gəlməyə, azad olunmuş ərazilərə birlikdə səfər etməyə və orada olanları öz gözləri ilə görməyə dəvət edib.

Şeyxülislam Bakının dinlərarası dialoqa həsr ediləcək növbəti konfransa ev sahibliyinə hazır olduğunu bildirib.

Avropa Şurası baş katibinin müavini Byorn Berge Azərbaycan tərəfinin təklifini yüksək qiymətləndirərək, bu konfransın nəticələrini təhlil ediləcəyini və bunun əsasında növbəti konfransın keçiriləcəyini bildirib. “Belə konfransların müxtəlif ölkələrdə keçirilməsi nəzərdə tutulur və bu baxımdan sizin təklifiniz çox önəmlidir. Həmçinin Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərləri yüksək qiymətləndirilir”, - deyə B.Berge əlavə edib.