logo

Qarabağda matəmizləmə işlərinə yeni texnikalar cəlb olunub

12:32 28-04-2022 | icon 1295
Qarabağda matəmizləmə işlərinə yeni texnikalar cəlb olunub

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə sağlam və təhlükəsiz yaşam mühitinin yaradılması istiqamətində zəruri tədbirlərin icrasını davam etdirir.

ANAMA-dan YeniAvropa-ya bildirilib ki, Agentlik tərəfindən həyata keçirilən mina və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə əməliyyatlarında Xorvatiyanın DOK-İNG şirkətinin istehsalı olan MV-10 və MV–4 mexaniki minatəmizləmə maşınları iştirak edir. Şirkətlə bağlanmış müqaviləyə əsasən ümumi olaraq 11 ədəd xüsusi təyinatlı minatəmizləmə maşınının ölkəyə gətirilməsi nəzərdə tutulub. Qeyd edilən maşınlardan artıq 10 ədədi Agentliyə təhvil verilib, 1 mexaniki vasitənin isə bu ilin ilk yarımilliyinədək çatdırılması planlaşdırılır.

Humanitar minatəmizləmə fəaliyyəti zamanı istifadə edilən MV-10 maşınları 3 min metrə qədər məsafədən pultla idarə olunur. MV–4 maşınları üzrə bu məsafə 1500 metr təşkil edir. Maşınlar böyük meyil bucağı və sərt torpaq örtüyü olan ərazilərdə rahat idarə edilir.

Fırlanan zəncir aləti və kultivator eyni vaxtda və ya bir-birindən asılı olmayaraq işləmək imkanına malikdir.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə əsasən Böyük Qayıdış proqramının əsas istiqamətlərindən biri Qarabağ ərazisinin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi ilə vətəndaşların təhlükəsiz qayıdışı və dayanıqlı məskunlaşması üçün münbit şəraitin yaradılmasıdır. Bu məqsədlə işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmənin hər üç metodologiyasını tətbiq etməklə genişmiqyaslı minatəmizləmə əməliyyatları icra edilməkdədir.