logo

Ana qızını öldürən kürəkəninin həbsdən azad edilməsini istəyir

14:54 26-04-2022 | icon 1386
Ana qızını öldürən kürəkəninin həbsdən azad edilməsini istəyir

Bakıda arvadını öldürməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkəmə hakimi Fəqan Əhmədovun anası Mətanət Quliyeva və zərərçəkmiş şəxsin anası Səmayə Əhmədova Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

 YeniAvropa-ya daxil olan müraciətdə bildirilib ki, hadisə nəticəsində üç azyaşlı uşağın anası vəfat edib, atası isə həbs olunub, uşaqlar valideyn himayəsindən məhrum olunduqları üçün təhsildən geri qalırlar, sağlamlıq durumları acınacaqlı vəziyyətdədir.

Qeyd olunub ki, ailənin böyük oğlu hadisə nəticəsindən keçirdiyi psixi gərginliklə bağlı özünə qəsd etmək istəyib. Bu səbəbdən mütəmadi olaraq həkim-psixiatrın nəzarətindədir. Ailənin ortancıl övladı hadisədən sonra özünə qapanıb və heç kimlə ünsiyyət yaratmır. 5 yaşlı kiçik qız isə hadisənin mahiyyətini dərk etmədiyindən anasının tezliklə qayıdacağına inanır.

Müraciətdə deyilir ki, hazırda həmin uşaqlara yeganə dəstək və dayaq olacaq şəxs atalarıdır. Buna görə də hər iki ailə Fəqan Əhmədovun həbsdən buraxılmasını xahiş edir. Onlar Bakı Apellyasiya Məhkəməsinin ədalətli qərar çıxaracağına ümid bəslədiklərini bildiriblər.

Xatırladaq ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi Əhmədov Fəqan Rövşən oğlunun 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisə ilə bağlı Fəqan Əhmədov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqan Əhmədov qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Ailə üzvləri iddia edir ki, Fəqan Əhmədovla həyat yoldaşı arasında ciddi narazılıq və mübahisə olmayıb, hadisə ehtiyatsızlıqdan baş verib. Bu səbəbdən, hazırda həmin hökmdən həm Fəqan Əhmədov, həm də iş üzrə zərərçəkmiş kimi tanınmış Pərvanə Əhmədovanın atası apellyasiya şikayəti verib.