logo

Madriddə NATO sammiti keçiriləcək

18:48 25-04-2022 | icon 2044
Madriddə NATO sammiti keçiriləcək

NATO-nun iyunun 29-30-da Madriddə keçiriləcək Sammitində alyansın yeni strateji konsepsiyası qəbul olunacaq.

 YeniAvropa xəbər verir ki, sənəddə alyansın qarşısında duran təhlükəsizlik çağırışları müəyyən olunacaq və NATO-nun onların həlli üçün həyata keçirəcəyi siyasi və hərbi tapşırıqlar əksini tapacaq.

İspaniya Xarici İşlər Nazirliyi Madrid Sammitinin təşkili üçün təqribən 37 milyon dollar vəsait ayıracaqdır.

İspaniya təşkilatın Madriddəki ilk iclasından 25 il sonra NATO sammitinə ev sahibliyi edəcək.

Bu il NATO sammitinin Madriddə keçirilməsi həm də İspaniyanın Şimali Atlantika Alyansına qoşulmasının 40-cı ildönümünə təsadüf edəcək. İspaniyanın NATO-ya sadiqliyi təşkilatın əksər missiyalarında 902 hərbçi ilə iştirakında təzahür edilir.

Ukraynada hərbi əməliyyatlar ilə əlaqədar Sammitin gündəliyində 9 prioritet məsələ yer alıb. Bunlar müttəfiqlər arasında siyasi məsləhətləşmələrin və koordinasiyanın intensivləşdirilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi, texnoloji üstünlüyün saxlanması, təlim və bacarıqların artırılması, tərəfdaşlarla əməkdaşlığın inkişaf etdirilməsi, iqlim dəyişikliyi ilə mübarizə və digər məsələlərdir.

Sammitdə ABŞ prezidenti Co Bayden, NATO üzvü olan 30 ölkə və digər 20 müttəfiq dövlətin liderlərinin iştirakı gözlənilir. Sammitin işıqlandırılması üçün 2000-ə yaxın jurnalist akkreditasiyadan keçib.