logo

Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub

16:19 23-04-2022 | icon 1568
Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub

Aprelin 23-də Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda Milli Suverenlik və Uşaq Bayramı Günü, həmçinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) fəaliyyətə başlamasının 102-ci ildönümü ilə bağlı tədbir keçirilib.

 YeniAvropa xəbər verir ki,  Heydər Əliyev sarayında təşkil olunan tədbirdə qardaş ölkənin Azərbaycandakı səfiri Cahit Bağçı, diplomatik nümayəndəliyin əməkdaşları, eləcə də Bakıdakı türk məktəbinin azərbaycanlı və türkiyəli şagirdləri iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə Azərbaycan Respublikası təhsil nazirinin müavini Muxtar Məmmədov çıxış edərək bayram münasibətilə uşaqlara təbriklərini çatdırıb. Bildirib ki, təxminən bir əsr əvvəl Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk bu bayramı uşaqlara ərməğan edərkən dünyaya həmin dövrdə və gələcəyə hədəflənmiş xüsusi mesaj verdi. Mustafa Kamal Atatürk insanlığın, istər Türkiyə dövlətinin, istər dünyanın gələcəyinin məhz uşaqlarda, gənclərdə olduğu söyləyirdi. Nazir qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev də hər zaman deyirdi: “Azərbaycanın gələcəyi sabahın gəncləri hesab olunan uşaqların əlində olacaq”.

Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən Muxtar Məmmədov diqqətə çatdırıb ki, ölkələrimiz xoş və çətin günlərdə daim bir-birlərinin yanındadır. Vətən müharibəsi zamanı biz bunun bir daha şahidi olduq. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bütün dünya üçün nümunədir. Bu gün biz Qarabağda, Şuşada Azərbaycan bayrağının dalğalandığını görürük, bunun sevincini yaşayırıq.

Əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edən səfir Cahit Bağçı bildirib ki, bu bayramı qardaş ölkənin paytaxtı Bakıda gələcəyimizin təminatçısı olan uşaqlarla birlikdə qeyd etmək çox xoşdur. Böyük öndər Mustafa Kamal Atatürkün dediyi kimi, hakimiyyət qeyri-şərtsiz olaraq xalqa məxsusdur. Türkiyə Böyük Millət Məclisi 1920-ci il aprelin 23-də Ankarada fəaliyyətə başlayıb. Bu tarix həm də Uşaq Bayramı Günü kimi hər il təntənəli şəkildə qeyd olunur. Səfir bildirib ki, bu, müstəqil və demokratik Türkiyə üçün çox önəmli bir bayramdır.

“Azərbaycan 30 il işğal altında qalmış torpaqlarını Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində 44 gündə azad edib və üçrəngli bayrağını həmin ərazilərdə yenidən dalğalandırıb. Bu yolda həyatlarını itirən bütün şəhidə Allahdan rəhmət, ailələrinə səbir, qazilərə şəfalar və cansağlığı diləyirik. Mustafa Kamal Atatürkün söylədiyi kimi: “Sevincimiz də, kədərimiz də birdir”, - deyə səfir qeyd edib.

Səfirin çıxışından sonra tədbir bədii hissə ilə davam etdirilib.

Bakıdakı türk məktəbinin şagirdləri bu əlamətdar günə həsr olunan şeirlər söyləyib, mahnılar oxuyub, rəqslər ediblər.

Qeyd edək ki, 1920-ci il aprelin 23-ü Türkiyənin Birinci Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi tarixdir. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk 1924-cü ildə 23 aprel tarixinin bayram kimi qeyd edilməsi haqqında qərar imzalayıb. Bu tarixdən 5 il sonra - 1929-cu ildən etibarən Türkiyədə 23 aprel tarixi Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunmağa başlayıb.

Beynəlxalq Uşaq Günü 1920-ci il Türkiyə Böyük Millət Məclisinin qurulması şərəfinə təsis olunan, Türkiyə Respublikasının qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün yalnız türk uşaqlarına deyil, bütün dünya uşaqlarına hədiyyə etdiyi milli bayramdır. Bayramın qeyd olunmasında əsas məqsəd uşaqlar arasında qardaşlıq, sevgi və dostluq əlaqələri yaradaraq, onların sülh içində yaşaya biləcəkləri bir dünyanın qurulmasına dəstək verməkdir. “Yurdda sülh, cahanda sülh” şüarı altında keçirilən bayram münasibətilə ölkənin hər yerində şənliklər, beynəlxalq uşaq festivalları təşkil edilir. Hər il Türkiyənin müxtəlif şəhərlərində qeyd olunan bayram şənliklərində 150 ölkədən 30 mindən çox uşaq iştirak edir.

Xatırladaq ki, bütün dünyanın sevimli uşaqları hər il Türkiyədə toplaşaraq, 23 aprel Uşaq Bayramını təntənə ilə qeyd edir.

“Bu günün balacaları sabahın böyükləridir”, - deyən Atatürk bayram ərəfəsində dövlətin idarəsinin uşaqların öhdəsinə buraxılması ənənəsinin əsasını qoyub. Bu çərçivədə aprelin 23-də Türkiyədə keçirilən tədbirlərdə uşaqlar nitq söyləyir, şeirlər oxuyur. Hər il 23 apreldə Türkiyə prezidenti, baş naziri, şəhər valiləri, bələdiyyə sədrləri, kənd və qəsəbə muxtarları öz yerlərini müəyyən olunan uşaqlardan birinə verir. Azyaşlıların bu vəzifədə verdiyi göstərişlərə də riayət olunur. Mustafa Kamal Atatürkün təbirincə desək: “Uşaqlar ölkənin təməlidir. Bu ölkənin gələcəyi uşaqlarımızdır”.